REGİONLAR
Gəncə məktəblisi: Vətənimizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
Zaqatala, 16 mart, Mustafa Dadaşov, AZƏRTAC
Mən bu gün çox xoşbəxtəm ki, "Ölkəmizi tanıyaq" tur-aksiyasının iştirakçısıyam. Vətənimizin dilbər guşələri ilə tanışlıq biz məktəblilərin ürəyincədir.
Bu sözləri "Ölkəmizi tanıyaq" devizi ilə keçirilən tur-aksiyada iştirak edən Gəncə şəhər 39 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Nurvin Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.
Layihənin əhəmiyyətini yüksək qiymətləndirən Gəncə məktəblisi bildirib: "Prezidentimizin təşəbbüsü ilə reallaşdırılan bu layihədə iştirak etmək hər bir gəncin arzusudur. Bu layihə sayəsində ölkəmizin qədim tarixi, mədəniyyəti, məşhur memarlıq abidələri haqqında biliklərimizi daha da möhkəmləndirir, eyni zamanda, rayonlarda gedən sürətli inkişafın canlı şahidi oluruq".
Tur-aksiyaların məktəblilərin dünyagörüşünün formalaşmasına, zənginləşməsinə müsbət təsir göstərdiyini vurğulayan N.Məmmədov deyib: "Hər bir gənc Azərbaycanın tarixini dərindən öyrənməlidir. Biri var ki, kitabdan oxuyasan, biri də var öz gözlərinlə görəsən. Bütün ölkə gəncləri kimi, biz Gəncə məktəbliləri də böyük əhəmiyyəti olan bu tur-aksiyaya görə dövlətimizin başçısına minnətdarlığımızı bildiririk".