REGİONLAR
“Gəncə memarlıq salnaməsi (XII-XIX əsrlər)” kitabının təqdimatı keçirilib
Gəncə, 18 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncədə memarlıq üzrə elmlər doktoru, Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü, Şərq Ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü, Azərbaycan Memarlıq İttifaqının üzvü, professor Rayihə Əmənzadənin “Gəncənin memarlıq salnaməsi (XII-XIX əsrlər)” adlı kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, “Gəncənin memarlıq salnaməsi (XII-XIX əsrlər)” kitabını Azərbaycanın ən qədim şəhərlərindən olan Gəncənin memarlıq tarixinin öyrənilməsinə töhfə kimi dəyərləndirib.
Tədbirdə çıxış edən elm adamları və ziyalılar bildiriblər ki, “Gəncənin memarlıq salnaməsi (XII-XIX) əsrlər” kitabı Cümhuriyyətimizin ilk paytaxtı Gəncənin zəngin memarlıq ənənələrindən bəhs edir.
Daha sonra professor Rayihə Əmənzadə kitab haqqında geniş məlumat verib. “Coğrafi baxımdan xüsusi mövqeyə sahib olan Azərbaycan müxtəlif dövrlərdə yadellilərin hücumlarına məruz qalıb, müharibə meydanına çevrilib. Lakin bütün bunlara baxmayaraq, ölkə ərazisində gözəl memarlıq abidələri tikilib. Gəncə memarlığı bu abidələr arasında özünəməxsusluğu və xüsusi koloriti ilə seçilir. İnanıram ki, “Gəncənin memarlıq salnaməsi (XII-XIX əsrlər)” kitabı mütəxəssislər və memarlıqla maraqlananlar üçün nəzərdə tutulsa da, geniş oxucuların da diqqətini çəkəcək”, – deyə o əlavə edib.
Sonda Rayihə Əmənzadə kitabın ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü bildirib.