Gəncədə Aqrar Startaplar Forumu keçirilib VİDEO
AzerTAg.az
Gəncə, 14 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Gəncədə Aqrar Startaplar Forumu keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, forumun keçirilməsində məqsəd aqrar innovasiyaların fermerlər, sahibkarlar və gənclər arasında təbliği və təşviqi, regionlarda aqrar startapların inkişafı, rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar sahədə məhsuldarlığın yüksəldilməsinə dəstək olmaqdır.
Forumun açılışında çıxış edən ADAU-nun rektoru vəzifəsini icra edən Zəfər Qurbanov son illər ərzində işğaldan azad olunan ərazilərdə aqrar sahədə həyata keçirilən layihələrdən danışıb. Qeyd edib ki, innovativ layihə və startapların xüsusilə gənclər arasında təbliği vacibdir. Forum çərçivəsində keçirilən innovasiya sərgisindən danışan Z.Qurbanov bildirib ki, Aqrar Startaplar Forumunda 19 stenddə respublikanın müxtəlif yerlərindən startaplar nümayiş olunur.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayaraq, forumun işinə uğurlar arzulayıb.
Tədbirdə aqrar innovasiyalarla bağlı videoçarx təqdim edilib.
Sonra çıxış edən Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Anar Cəfərov, Gəncə Dövlət Universitetinin rektoru Yusib Yusibov, Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini icra edən Yaşar Ömərov, deputat Müşfiq Cəfərov forumun keçirilməsini yüksək qiymətləndiriblər.
Forum panel müzakirələrlə davam edib.




Xəbərin mətnində orfoqrafik səhv var