CƏMİYYƏT
Gəncədə Vətən müharibəsi şəhidi Eltay Quliyevin ailəsi ziyarət olunub
Bakı, 23 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Vətən müharibəsi şəhidi Eltay Quliyevin ailəsini ziyarət edib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, şəhidin 8 yaşlı qızı Gülnurun doğum günündə keçirilən görüşdə V.Behbudov ailənin vəziyyəti ilə maraqlanıb və onların bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını bildirib.
Şəhidin ailəsi nazirlik tərəfindən Gəncə şəhərində 3 otaqlı mənzillə təmin olunub. Eltay Quliyevin bir oğlu və iki qızı yadigar qalıb.
Görüş zamanı bildirilib ki, Prezident İlham Əliyevin şəhid ailələrinə və müharibə əlillərinə, eləcə də həssas kateqoriyadan olan digər şəxslərə göstərilən xüsusi diqqətinin nümunəsi olaraq həmin kateqoriyaya məxsus vətəndaşların sosial müdafiəsi məqsədilə həyata keçirilən tədbirlər mütəmadi xarakter daşıyır. İcra olunan sosialyönümlü proqramlar son illərdə bir neçə dəfə genişləndirilib. Nazirlik tərəfindən təkcə ötən il 3 min, ümumilikdə isə 12 min 500 mənzil və fərdi ev imtiyazlı şəxslərə təqdim edilib. Aparılan işlərin davamı olaraq bu ilin sonunadək şəhid ailələrinə və müharibə əlillərinə 1500 mənzilin təqdim olunması nəzərdə tutulub.
Qeyd edək ki, şəhid Eltay Əli oğlu Quliyev Ağdərə uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Dövlətimizin başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.