REGİONLAR
Gəncədə aztəminatlı ailələrdən olan 37 tələbəyə təhsil haqlarının ödənilməsi üçün 70 min manat yardım göstərilib
Gəncə, 2 fevral, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə 2 Fevral – Azərbaycan Gəncləri Günündə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin övladlarına, aztəminatlı ailələrdən olan və valideynlərini itirmiş 37 tələbəyə təhsil haqlarının ödənməsinə görə 70 min manat yardım edilib, 10-dan artıq gənc işlə təmin olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncədə Gənclər Günü münasibətilə keçirilən tədbirdə şəhər rəhbərliyi, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində çalışan fəal gənclər və tələbələr iştirak ediblər.
Tədbirdən öncə gənclər təşkilatlarının fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himninə həsr olunmuş və Gəncə şəhərinin ictimaiyyət nümayəndələrinin, fəal gənclərinin iştirakı ilə çəkilən videoçarxa tamaşa edilib. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin, həmçinin gənclər təşkilatlarının 2017-ci ildə gənclər sahəsində gördüyü işləri əks etdirən videoçarx da izlənilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev gəncləri əlamətdar gün münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. Azərbaycan gəncliyindən və Gəncə şəhərində gənclər üçün yaradılan imkanlardan söz açan Elmar Vəliyev ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin inkişafı və onların vətənpərvərlik ruhunda formalaşması istiqamətində həyata keçirilən tədbirlərdən, dövlət gənclər siyasətinin uğurlu bəhrələrindən, şəhər gənclərinin qazandığı nailiyyətlərdən danışıb.
Tədbirdə çıxış edən Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov vurğulayıb ki, 2 Fevral – Azərbaycan Gəncləri Günü 1997-ci ildə Prezident Heydər Əliyevin Sərəncamı ilə təsis olunub. Bu günün təntənə ilə qeyd edilməsi Ulu Öndərin gəncliyə göstərdiyi diqqət və qayğının nümunəsidir. İdarə rəisi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini deyib.
Bildirilib ki, şəhərdə gənclərin sayı 93 min 808 nəfərdir. Bu isə şəhər əhalisinin 31 faizini təşkil edir.
Çıxışlarda gənclərin ayrı-ayrı sahələrdə qazandığı nailiyyətlərdən bəhs olunub, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən və bu siyasətin bəhrələrindən söz açılıb.
Gənclər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Daha sonra gənclərin fikirləri dinlənilib, onların müraciət, təklif və şikayətlərinə baxılıb. Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin övladlarına, aztəminatlı ailələrdən olan və valideynlərini itirmiş 37 tələbəyə təhsil haqlarının ödənməsinə görə 70 min manat yardım edilib. Həmçinin 10-dan artıq gəncin işlə təmin olunacağı bildirilib.
Çıxışlardan sonra ali və orta ixtisas təhsili müəssisələrində tələbə gənclər təşkilatlarının fəaliyyətlərinin yüksək səviyyədə icrasına verdiyi dəstəyə görə bir qrup şəxs təşəkkürnamə ilə, şəhərin ictimai həyatında fəal iştirakına və 2 Fevral – Gənclər Günü münasibətilə 35 gənc isə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif olunub.