Gəncədə çörək istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb
AzerTAg.az
Bakı, 17 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Gəncə şəhərində A.Səhhət küçəsi, 28 ünvanında fiziki şəxs İbrahimova Səyyarə Oruc qızına məxsus çörək istehsalı sexində yoxlama aparılıb.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib. Baxış zamanı istehsal sahəsinin döşəmə, tavan və divar səthlərinin hamar və təmirli səthə malik olmadığı, sanitar qovşağın birbaşa istehsal sahəsinə açıldığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, istifadə olunan bütün alət, avadanlıq və ləvazimatların təmiz saxlanılıb dezinfeksiya edilmədiyi, işçi heyətin gigiyena qaydalarını gözləmədiyi və xüsusi geyim, fərdi mühafizə vasitələri ilə təmin edilmədən çalışdığı və digər nöqsanlar aşkarlanıb.
Faktlarla əlaqədar sahibkar barəsində inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.




Xəbərin mətnində orfoqrafik səhv var