CƏMİYYƏT
Gəncədə narkotacir saxlanılıb
Bakı, 21 yanvar, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin cinayət axtarış idarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, şəhər sakini Etibar Yaqubov saxlanılaraq polis idarəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 76 qram marixuana aşkar edilərək götürülüb.
Aparılan araşdırmalar zamanı E.Yaqubova narkotik vasitə satan şəxsin Gəncə şəhər sakini, “Eliş” ləqəbi ilə tanınan Eldəniz İmanlı olduğu müəyyən edilib. E.İmanlıya və bibisinə məxsus fərdi evlərdə axtarış zamanı 11 qutuda ümumi çəkisi 32 kiloqram, qara bazarda satış dəyəri 300 min manat olan qurudulmuş marixuana aşkarlanıb.
İlkin dindirilmə zamanı E.İmanlı narkotik vasitənin toxumunu bir neçə il bundan əvvəl Gürcüstandan gətirdiyini və satmaq üçün ötən ilin martında əkərək ona qulluq etdiyini bildirib. Saxlanılan şəxslər maddi sübutlarla birlidə istintaqa təhvil verilib. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.