CƏMİYYƏT
Gəncədə qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb VİDEO
Bakı, 12 iyul, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Valeh İsmayılov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan heroin aşkar edilib.
Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Ramin Zeynalov saxlanılıb. Onun üzərindən narkotik vasitə olan metamfetamin aşkarlanaraq götürülüb. İdarə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində isə Elvin İmanzadənin qanunsuz olaraq metamfetamin əldə edib saxlaması aşkar olunub.
Gəncə Şəhər Baş Polis İdarəsinin cinayət axtarışı idarəsinin əməkdaşlarının keçirdikləri uğurlu tədbir nəticəsində isə şəhər sakini Natiq Şükürovun üzərində külli miqdarda narkotik vasitə olan marixuana aşkarlanıb və müvafiq ekspertizaya təqdim edilib.
Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə sosial şəbəkələrdə narkotik vasitələri onlayn təbliğ edən, özünü cinayətkar aləmin nüfuzlu şəxsi kimi təqdim edən Əsgər Hacıyev saxlanılıb. Üzərində külli miqdarda heroin aşkar edilən Ə.Hacıyev ifadəsində internet resurslarındakı məlumatların həqiqətə uyğun olmadığını, sadəcə izləyici toplamaq istədiyini və narkotik maddə aludəçisi olduğunu etiraf edib.
Aşkar edilən faktlar üzrə Gəncə Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.