REGİONLAR
Gəncədə qanunsuz olaraq narkotik vasitə saxlamaqda və satmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO
Gəncə, 8 iyul, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Samir Hüseynov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 0.3 qram çəkidə narkotik maddə olan metamfetamin aşkar edilib. S.Hüseynovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, narkotik maddəni tanışı Mətləb adlı şəxs 10 manata satıb. Davam etdirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Mətləb Əliyev saxlanılaraq Polis Bölməsinə gətirilib. Onun üzərindən isə 0.33 qram narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Bundan başqa, ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini İqbal Əlisgəndərov saxlanılıb, polis idarəsində üzərinə baxış keçirilən zaman 1.25 qram narkotik maddə heroin aşkar edilib. İdarə əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Asif Bağırov da saxlanılmış, onun üzərindən 0.2 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
ŞBPİ-nin Kəpəz rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Hüseyn Allahverdiyev saxlanılaraq polis idarəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 3.17 qram çəkidə narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.