CƏMİYYƏT
Gəncədə şəhid ailələri ilə görüş keçirilib
Bakı, 7 yanvar, AZƏRTAC
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin nümayəndə heyətinin Gəncəyə ikigünlük səfəri çərçivəsində şəhid ailələri ilə görüş keçirilib.
İctimai Birliyin beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elnar Məmmədli AZƏRTAC-a bildirilib ki, görüşdə Vətən müharibəsində qazanılmış Qələbədə Azərbaycan Ordusunun əsgər və zabitlərinin, qazilərin, şəhidlərin rəşadətinin, şücaətinin müasir tariximizin şanlı qəhrəmanlıq dastanı kimi heç zaman unudulmayacağı və gələcək nəsillərimiz üçün örnək təşkil edəcəyi qeyd olunub. Bildirilib ki, dövlətimiz və xalqımız hər zaman şəhidlərin əziz xatirəsini uca tutacaq. Təbii ki, şəhid ailələri də həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacaq. İctimai Birliyin yaradılmasında əsas hədəflərdən biri də sosial dövlət olan Azərbaycanın ali rəhbərliyinin bu kimi addımlarını dəstəkləməkdir.
Gəncəyə səfər çərçivəsində “İMZA”çılar qardaş Türkiyənin ikinci ən böyük şəhərimizdəki baş konsulu Zəki Öztürklə görüş keçirilib.
Görüşə görə diplomata təşəkkürünü bildirən İctimai Birliyin sədri Xəyyam Əsgərov rəhbərlik etdiyi qurumun yaradılmasının məqsədləri, gördüyü işlər, gələcək planları haqqında danışıb. Deyib ki, gələcək planlarda beynəlxalq əməkdaşlıq xüsusi yer tutur. Qardaş Türkiyə Respublikası ilə əlaqələrin qurulması, inkişaf etdirilməsi, ortaq layihələrin həyata keçirilməsi Birliyin qarşısında dayanan əsas hədəf və məqsədlərdəndir. Bu istiqamətdə artıq ilkin addımlar atılıb.
Baş konsul Zəki Öztürk vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibədə qalib gələn Azərbaycanın Vətən müharibəsinin nəticələrinə əsasən yaratdığı yeni reallıqlar regionun, bölgə xalqlarının və hətta dünyanın gələcəyi üçün əhəmiyyətli hadisədir. Bu mənada, bu kimi gerçəkliklərin dünyada təbliğini qarşısına hədəflərdən biri kimi qoymuş Birliyin yaradılması olduqca əhəmiyyətlidir. Diplomat “İMZA”nın Türkiyə ilə əməkdaşlığına hər cür dəstək verməyə hazır olduğunu söyləyib.
Görüşdə gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.