ELM VƏ TƏHSİL
“Gəncənin zəfər elçiləri” kitabı nəşr olunub
Bakı, 29 sentyabr, AZƏRTAC
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin böyük elmi işçisi Əzizə Ələkbərovanın “Gəncənin zəfər elçiləri” kitabı işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitab Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 27 sentyabr tarixinin ölkəmizdə Anım Günü kimi qeyd olunması haqqında müvafiq Sərəncamından irəli gələrək çap olunub. Nəşr 44 günlük Vətən müharibəsində torpaqlarımızı düşmən tapdağından xilas etmək üçün canını fəda edən 27 nəfər Gəncə sakini haqqındadır. Kitabda ana yurdunu canından əziz tutan 27 şəhidin tərcümeyi-halı, şərəfli döyüş yolu, igidlik və qəhrəmanlıq tarixçəsi öz əksini tapıb.
Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və Vətən müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyan bu kitabın elmi redaktoru Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Könül Bağırova, rəyçisi həmin institutun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfovdur.