CƏMİYYƏT
Gənclər arasında gender bərabərliyinin təbliğinə dair layihə həyata keçiriləcək
Bakı, 5 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) reallaşdırdığı “Gənclər təşkilatları arasında gender bərabərliyinin təbliği istiqamətində təlimlərin təşkili” layihəsi çərçivəsində iyulun 6-7-də Gənclərin İnkişaf və Karyera Mərkəzində Bakıda və regionlarda fəaliyyət göstərən gənclər təşkilatlarının üzvləri üçün təlim keçiriləcək.
Şuradan AZƏRTAC-a bildiriblər ki, təlimin məqsədi gənclər təşkilatlarının gender bərabərliyi mövzusunda məlumatlılığını artırmaq, bu sahədə onların fəallığına nail olmaq və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 5-ci məqsədinə daxil olan hədəfləri təbliğ etməkdir. Bu hədəflərə dünyada qadınlara qarşı ayrı-seçkiliyin, zorakılığın bütün formalarına son qoymaq, insan alverinin, erkən və məcburi nikahın aradan qaldırılması və s. problemlərə qarşı mübarizə aparmaq daxildir.
GTMŞ bu layihəni Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırır.