ELM VƏ TƏHSİL
Gənclər cəmiyyətimiz üçün dəyərli sərvətdir
Bakı, 2 fevral, AZƏRTAC
Bakı Ali Neft Məktəbində (BANM) 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
BANM-in rektoru Elmar Qasımov 1996-cı il fevralın 2-də ümummilli lider Heydər Əliyevin dəstəyi ilə gənclərin birinci forumunun keçirildiyini xatırladıb. Vurğulanıb ki, bu forum ölkəmizdə gənclər hərəkatının vüsət almasına təkan verib və məhz həmin günün əhəmiyyəti nəzərə alınaraq 2 fevral tarixi gənclər günü kimi qeyd edilməyə başlanıb. Həmin tədbirdə iştirakını, Ulu Öndərin qarşısında bir gənc olaraq çıxış etdiyini xatırladan rektor bununla hər zaman qürur hissi keçirdiyini bildirib. Azərbaycanda gənclərə dövlət səviyyəsində böyük qayğı və diqqət göstərildiyini deyən E.Qasımov gəncliyin ölkəmiz, cəmiyyətimiz üçün dəyərli sərvət olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılan BANM-in fəaliyyətinin əsas məqsədi də ölkəmizdə yüksək ixtisaslı, ingilisdilli, peşəkar və dünya səviyyəli gənc mühəndislər yetişdirməkdir. Bu ali təhsil ocağının qısa zamanda əldə etdiyi uğurlardan və nailiyyətlərdən danışan rektor diqqətə çatdırıb ki, bu il BANM ilk məzunlarını yola salacaq.
E.Qasımov bayram münasibətilə bütün gəncləri, o cümlədən BANM-in tələbələrini təbrik edib, uğurlar arzulayıb.
Bədii hissədə tələbələrin ifasında şeirlər və musiqi parçaları səsləndirilib.
Sonda SOCAR-ın dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində keçirilmiş, “Dənizdə işləyən neftçilər və gəmi heyəti üzvləri üçün sağqalma metodikası, fərdi xilasedici vasitələrdən istifadə və üzgüçülüyün əsasları” mövzusunda təlimdə iştirak etmiş tələbələrə sertifikat və hədiyyələr təqdim olunub.