CƏMİYYƏT
Gənclər üçün Təhsil Mərkəzi region gənclərinin problemlərinin həlli istiqamətində tədbirləri davam etdirir
Bakı, 24 may, AZƏRTAC
Mayın 24-də Gənclər üçün Təhsil Mərkəzi (GTM) UNICEF, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə reallaşdırdığı “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində Şirvan Gənclər evində Şirvan, Sabirabad və Hacıqabul şəhər və rayonlarından gənclərin qəbulunu keçirib.
GTM-dən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə əlil uşaqların müalicəsi, övladlığa verilmə, gənc ailələrə yardım, erkən nikahlar, boşanmaların yaratdığı problemlər, qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq, nikahın pozulması və təyin olunan alimentin ödənilməməsi, birgə nikah dövründə əldə edilən əmlakın bölünməsi, digər müraciət və təkliflər dinlənilib.
Mərkəzin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq dövlət qurumlarına çatdırılması üçün qeydiyyata alınıb.
Bildirilib ki, yaxın zamanda Mərkəz tərəfindən dövlət qurumlarının iştirakı ilə əlaqələndirmə şurasının iclasının keçiriləcək və aidiyyəti qurumlar üzrə məsələlərin həlli istiqamətində müzakirələr aparılacaq.