İQTİSADİYYAT
“Gənclər üçün elektron hökumət” müsabiqəsinə başlanılıb
Bakı, 11 noyabr, AZƏRTAC
“Gənclər üçün Elektron Hökumət” müsabiqəsinə start verilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin əsas məqsədi gənclər arasında elektron hökumət həllərindən istifadənin təşviq edilməsi və elektron hökumət üzrə gənclərin maarifləndirilməsidir. Müsabiqə “Elektron hökumət” portalını – www.e-gov.az gənclərin geniş auditoriyasına tanıtmağa və gənclərin elektron hökumət həllərindən istifadə imkanlarını genişləndirməyə şərait yaradır.
Müsabiqə 4 nominasiyada keçirilir: ““Elektron hökumət”in təbliği üzrə ən yaxşı hüquqi şəxs”, ““Elektron hökumət”in təbliği üzrə ən yaxşı fiziki şəxs”, “Regionda yaşayan gənclər arasında elektron hökumət həllərinin istifadəsini təbliğ edən ən yaxşı təşkilat”, “Dövlət xidmətlərinin elektronlaşdırılması və www.e-gov.az – “Elektron hökumət” portalının inkişafı üzrə ən yaxşı təklif”.
Sənədlərin qəbulu dekabrın 20-dək davam etdiriləcək. Müsabiqə ilə bağlı daha ətraflı məlumatı https://drive.google.com/file/ keçidindən əldə etmək mümkündür.
Müsabiqədə iştirak etmək istəyənlər https://docs.google.com/forms keçidi vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, bir sıra aparıcı gənclər təşkilatları tərəfindən dəstəklənən müsabiqə Elektron Hökumət Təlim-Tədris Mərkəzi və Məlumat Hesablama Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir. Qaliblər dekabrın 26-da keçiriləcək “Gənclər üçün elektron hökumət” konfransında elan ediləcək və onlara təşkilatçı qurumlar tərəfindən qiymətli hədiyyələr təqdim olunacaq.