REGİONLAR
Gənclərdə mütaliə mədəniyyətinin formalaşması diqqət mərkəzindədir
Naxçıvan, 18 fevral, AZƏRTAC
Dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyi Naxçıvan Muxtar Respublikasında gənclərin kitabxanalara cəlb olunması, onlarda mütaliə mədəniyyətinin formalaşmasına xidmət edən şəraitə malik zəngin kitabxanalar, həmçinin elektron kitabxanalar yaradılıb.
AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bölmənin Elmi Kitabxanası ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının birgə təşkilatçılığı ilə “Kitabxanalar və gənclik” mövzusunda keçirilən konfransda bu məsələ xüsusi vurğulanıb.
Kitabxananın direktoru Tamella Əsgərova çıxışında ölkəmizin gələcəyi olan gənclərin hərtərəfli inkişafında həyata keçirilən tədbirlərdən və kitabxanaların qarşısında duran vəzifələrdən danışıb. O, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin bu gün uğurla davam etdirildiyini qeyd edib, ölkənin yaradıcı-istedadlı gənclərini qiymətləndirmək məqsədilə imzalanan fərman və sərəncamları xatırladıb.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamı gənclərin mütaliə mədəniyyətinin inkişafında, kitabların daha geniş təbliğində mühüm rol oynayır. Kitabxanalarda, o cümlədən müxtəlif təşkilatlarda mütəmadi olaraq həmin kitabların müzakirəsi təşkil edilir ki, bu da gənc nəslin kitaba, mütaliəyə marağının artmasına töhfəsini verir.
Daha sonra AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasının direktoru Sahab Əliyeva “Gənc nəslin formalaşmasında kitabxanaların rolu” mövzusunda çıxış edərək gənc nəsildə mütaliə marağının artırılması, kitabların sevdirilməsi baxımından kitabxanaların üzərinə düşən vəzifələrdən söz açıb. Bildirib ki, rəhbərlik etdiyi qurumda çalışan kitabxana işçiləri fəaliyyətlərini günün tələblərinə uyğun, gənclərdə mütaliəyə marağı artırmaq yönündə qurmağa çalışır. Sahab Əliyeva qeyd edib ki, bu məqsədlə kitabxanada tez-tez milli-mənəvi, əxlaqi dəyərlərimizi təbliğ edən, bəşəri dəyərlər aşılayan kitabların müzakirəsi keçirilir, gənclər arasında kitabların təbliğatı aparılır, ideya-məzmun dəyərləri ilə tanış edilir, onlara belə kitablardan yararlanmaq məsləhət görülür. Yeni kitablarla tanış etmək üçün müntəzəm olaraq kitab sərgiləri, oxucu konfransları təşkil edilir. Yaradılan şəraitin və kitabxana fondlarının zəngin olmasının nəticəsidir ki, oxucuların sayı əvvəlki illərlə müqayisədə dəfələrlə artıb.
Konfransda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin kiçik elmi işçisi Nilufər Ağayevanın “Naxçıvan Muxtar Respublikasında yaradılmış elektron kitabxanalar” və Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kütləvi iş şöbəsinin müdiri Nərmin Allahverdiyevanın “Müasir gəncliyin pozitiv özünütəsdiqi: dəyərli istiqamətlərin və sosial təcrübələrin formalaşmasında kitabxanaların rolu” mövzusunda məruzələri dinlənilib.