ELM VƏ TƏHSİL
Gənclərin böyük elmə gedən yolu tələbə elmi cəmiyyətindən başlayır
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbə elmi cəmiyyətinin (TEC) ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan 74-cü elmi konfransı keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, bu ali məktəbin rektoru, professor Cəfər Cəfərov TEC-in 74-cü elmi konfransının keçirilməsini müsbət hal kimi dəyərləndirib. Rektor qeyd edib ki, tələbələrin böyük elmə gedən yolu TEC-dən başlayır. Gənclərin elmi fəaliyyətə təşviq edilməsi üçün lazımi tədbirlər həyata keçirilməlidir. C.Cəfərov tələbələrə xalqımızın tarixini, mədəniyyətini, ədəbiyyatını, incəsənətini, adət-ənənələrini, milli-mənəvi dəyərlərini, mədəni irsini mükəmməl öyrənməyi, bilik və bacarıqlara dərindən yiyələnməyi tövsiyə edib, konfransın işinə uğurlar arzulayıb.
Universitetin elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov ADPU-da aparılan elmi-tədqiqat işləri, fənlər üzrə olimpiadalar barədə məlumat verib. Prorektor TEC-in fəaliyyətinin daha səmərəli qurulmasının tələbələrin elmi fəaliyyətlərinə müsbət təsir edəcəyini bildirib.
TEC-in sədri, dosent Əli Zalov qeyd edib ki, cəmiyyətin məqsədi tələbələrin bilik və bacarıqlarını aşkar etmək, onları elmi-tədqiqat işinə yönəltməkdir.
Plenar iclasda tələbələr slayd vasitəsilə məruzələrini təqdim ediblər.
Sonra konfrans işini bölmələrdə davam etdirib. İclaslarda 181 məruzə dinlənilib.
Sonda bölmə sədrlərinin hesabatları dinlənilib, müvafiq qərarlar qəbul edilib.