ELM VƏ TƏHSİL
Gənclərin xaricdə təhsili ilə bağlı Dövlət Proqramına müraciət edənlərin 67 faizi kişilərdir VİDEO
Bakı, 10 avqust, AZƏRTAC
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2022-2023-cü tədris ilində gəncin 67 faizini kişilər təşkil edir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında 2019-2023-cü illər üzrə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib. O bildirib ki, proqrama ümumilikdə 673 nəfər müraciət edib. Müraciət edənlərin 80 nəfəri bakalavr, 149 nəfəri isə magistratura təhsil pilləsini seçib.
Xatırladaq ki, Prezident İlham Əliyev 2022-ci il fevralın 28-də “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət Proqramının hədəf göstəricisi 2022–2026-cı illərdə, hər il 400 nəfərədək olmaqla, ümumilikdə isə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.