CƏMİYYƏT
Giləzi qəsəbəsində iki top mərmisinin gilizi aşkarlanıb
Bakı, 9 yanvar, AZƏRTAC
Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Xızı Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunan ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd boş vəziyyətdə 100 mm-lik top mərmisinin gilizi aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Gilizlərin ətrafında 1 800 kvadratmetr əraziyə yerüstü, 100 kvadratmetr ərazi isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.