CƏMİYYƏT
Gömrük nəzarətindən gizlədilən boş giliz və güllənin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 20 noyabr, AZƏRTAC
Gömrük nəzarətindən gizlədilən boş giliz və güllənin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Gürcüstan istiqamətindən Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunun idxal piyada keçidinə daxil olan Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və gömrük baxışı keçirilib.
Vətəndaşın gödəkcəsi rentgen aparatından keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Sorğu-sual zamanı vətəndaş gödəkcəsinin cibində təsbeh olduğunu bildirib. Yoxlama zamanı isə, gödəkcənin sol üst cibindən, üzərində “YVX 9P 16” yazısı olan üç ədəd boş giliz və bir ədəd üzərində “SB 14 9P” yazısı olan güllə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.