CƏMİYYƏT
Gömrükdən gizlədilən mobil telefonlar və siqaretlər aşkarlanıb
Bakı, 6 noyabr, AZƏRTAC
Gömrük nəzarətindən gizlədilən mobil telefonlar və siqaretlər aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından gələn BA999KU dövlət nömrə nişanlı “Mercedes Benz” və 90 CD 920 dövlət nömrə nişanlı “SETRA S215 HD” markalı avtobusların sərnişinləri, Ərbəin (Kərbəla) ziyarətindən qayıdan Azərbaycan vətəndaşları - Süleyman Kərimov və Fairə Məmmədovaya məxsus əl yüklərinə baxış keçirilib.
Rentgen aparatından keçərkən S.Kərimovun əl yükünün içərisində rəngli fonda cizgilər müşahidə edilib. Yoxlama zamanı vətəndaşa məxsus 6 ədəd paketdə əvvəlcədən gömrük nəzarətinə bəyan olunmamış 15 ədəd “Samsung” markalı mobil telefon, 22 ədəd “Samsung” markalı mobil telefon üçün qulaqlıq, 18 ədəd üzərində “Samsung” yazılmış enerji yükləyicinin başlığı, 17 ədəd “USB” kabeli və mobil telefon üçün 72 ədəd aksesuar (telefon saxlamaq üçün dayaq) aşkarlanıb.
F.Məmmədovanın əl yükündən isə gömrük nəzarətindən gizlədilmiş, aksiz markası olmayan 4200 ədəd “Cavallo” adlı siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.