MƏDƏNİYYƏT
Görkəmli bəstəkarımız, Xalq Artisti Firəngiz Əlizadənin əsərləri dünyanı dolaşır
Bakı, 18 noyabr, AZƏRTAC
Avstriyanın Zalsburq şəhərində “West-Östliche Mozaik” Beynəlxalq musiqi festivalında bu ölkənin məşhur “ÖENM” ansamblının iştirakı ilə görkəmli bəstəkarımız, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadənin müəllif konsertləri təşkil olunub. Konsertlərdə F.Əlizadənin müxtəlif tərkibli vokal və kamera-instrumental əsərləri ifa edilib.
Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görkəmli bəstəkarımızın yaradıcılığı ilə bağlı yeniliklər bununla kifayətlənmir. Belə ki, noyabrın 15-də Almaniyanın Auqsburq şəhərində möhtəşəm “Qızıl salon”da Firəngiz Əlizadənin klarnet və violonçel üçün “Duo of accordanse” (İkili vəhdət) adlı yeni əsərinin premyerası baş tutub. Bu əsər görkəmli alman violonçel ifaçısı, professor Yulius Bergerin 60 illiyinə həsr edilib. Yubiley tədbirində Y.Berger və koreyalı klarnet ifaçısı Hyun Yunqun təqdim etdiyi əsər dinləyicilərin sürəkli alqışları ilə qarşılanıb.
Görkəmli bəstəkarımızın yaradıcılığı ilə bağlı daha bir yenilik isə “Oazis” simli-kvartetinin dekabrın 2-də Nyu-Yorkun məşhur “Lincoln Center”də ifası ilə bağlıdır. 1999-cu ildə bəstələnən və ilk dəfə Qlazqo şəhərində səsləndirilmiş “Oazis” əsəri San-Fransiskonun “Kronos” kvartetinin (ABŞ) sifarişi ilə yazılıb və dünyanın müxtəlif ölkələrinin məşhur salonlarında uğurla ifa olunub.
Bu ərəfədə Firəngiz Əlizadənin “Şərqin sədaları” (Eastern Approaches) adlı yeni diskinin İtaliyanın məşhur “Ricordi” səsyazma firması tərəfindən musiqisevərlərə təqdim edilməsi də təqdirəlayiq bir hadisə kimi dəyərləndirilməlidir.
Bundan başqa, F.Əlizadəyə amerikalı virtuoz skripka ifaçısı, meqa-star Hillari Hahn tərəfindən sifariş edilən və artıq bütün dünyada böyük müvəffəqiyyətlə səslənən “İmpulse” əsərinin notları da bu günlərdə Nyu-Yorkun məşhur “Shirmer” nəşriyyatında işıq üzü görüb.