ELM VƏ TƏHSİL
Görkəmli kimyaçı alimin biblioqrafiyası çapdan çıxıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Görkəmli kimyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyevin biblioqrafiyası “Elm” nəşriyyatında çapdan çıxıb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, biblioqrafik göstəricidə alimin elmi, pedaqoji, təşkilati və ictimai fəaliyyəti, elmi əsərlərinin xronoloji göstəricisi, mətbuatdakı publisistik və elmi-kütləvi çıxışları, müsahibələri, ən mühüm elmi nəticələri, müəlliflik şəhadətnamələri və ixtiralarının patentləri, kitabları haqqında məlumatlar yer alıb.
Azərbaycan, ingilis və rus dillərində çap olunmuş kitabın tərtibçiləri kimya üzrə fəlsəfə doktoru Z.Zaytseva və Əməkdar Jurnalist S.Mehrəliyevadır.
Biblioqrafiyada alimin Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin iclasındakı çıxışı, onun milli ensiklopediya və maarifçilik fəaliyyətini əks etdirən cizgilərini qabarıq şəkildə əks etdirən “Akademik Tofiq Nağıyev. Biblioqrafiya” kitabının tərtibi zamanı alimin şəxsi arxivindən istifadə olunub. Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə alimin əsərlərinin və haqqında yazan müəlliflərin əlifba göstəriciləri də öz əksini tapıb.