REGİONLAR
Göyçay çayında sel sularından mühafizə tədbirləri görülür VİDEO
Göyçay, 13 iyun, AZƏRTAC
Göyçay rayonunda Göyçay Suvarma Sistemləri İdarəsi tərəfindən rayon ərazisində əkin aparılan sahələrin suvarılmasını təmin etmək üçün intensiv tədbirlər görülür. Bundan başqa, yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsi üçün bir sıra işlər aparılır.
AZƏRTAC xəbər verir ki, rayonda sahələrin 7070 hektarı Göyçay çayından, 17772 hektarı Yuxarı Şirvan kanalından, 1607 hektarı Yekəxana su anbarından götürülən su ilə suvarılır. 2022-ci ildə hidrotexniki qurğularda cari təmir işləri aparılıb. O cümlədən Cəyirli kəndi ərazisində supaylayıcı qurğuda şlüzlərin, Mallı-Şıxlı kəndi ərazisində subölüşdürücü qurğuda şlüzlərin, Yeniarx kəndi ərazisində subölüşdürücü qurğunun, Çayarxı kəndi ərazisində su nizamlayıcı qurğunun, Məlikkənd kəndi ərazisində Çaxırlı suvarma arxında səviyyəqaldırıcı şlüzlərin təmiri işləri həyata keçirilib.
Suvarma suyunun su istifadəçilərinə çatdırılması üçün Göyçay Suvarma Sistemləri İdarəsinin balansında olan 206 kilometr təsərrüfatlararası kanal və 1516 kilometr təsərrüfatdaxili kanallardan istifadə olunur. Təsərrüfatlararası kanallar üzərində 613 ədəd, təsərrüfatdaxili kanallar üzərində isə 1273 ədəd hidrotexniki qurğu var. Cari ildə Göyçay Suvarma Sistemləri İdarəsi tərəfindən Qantarma, Ərəb, Şəhadət, Mirzəhüseynli, Cəyirli, Qaraxıdır, Yeniarx, Potu, Mallı-Şıxlı, Xəlitli, Şəkili və digər arxlarda, Qarayazı beton kanalında lildən təmizləmə işləri aparılıb.
Bundan başqa, idarə tərəfindən rayon ərazisindən axan çaylarda sel sularından mühafizə tədbirləri də həyata keçirilir. 2022-ci ildə Göyçay Suvarma Sistemləri İdarəsi tərəfindən Göyçay çayının məcrasında məcra təmizləmə işləri də görülüb. Hazırda Göyçay çayına mühafizə tədbirləri məqsədilə texnikalar cəlb olunub.
Göyçay Suvarma Sistemləri İdarəsi Göyçay rayonu üzrə 26448 hektar suvarılan ərazini su ilə təmin edir. Suvarılan əraziləri suvarma suyu ilə təmin etmək üçün Göyçay Suvarma Sistemləri İdarəsi 3 mənbədən - Göyçay çayı, Yuxarı Şirvan kanalı və Yekəxana Su anbarından suvarma suyu götürür.