REGİONLAR
Göyçayda qanvermə aksiyası keçirilib
Göyçay, 4 iyun, AZƏRTAC
Göyçayda qanvermə aksiyası keçirilib. Aksiya rayon icra hakimiyyətinin və rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə Respublika Qan Bankının Mingəçevir Regional Bölməsi tərəfindən Göyçay Gənclər Mərkəzində təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar respublikamızda tətbiq edilən karantin rejimi şəraitində talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatının yaradılması məqsədilə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çağırışına qoşulan Göyçay rayonunun sakinləri qanvermə aksiyasında fəal iştirak ediblər. Karantin rejiminin tələblərinə əməl etməklə təşkil olunan humanist aksiyada onlarca könüllüdən, xüsusilə gənclərdən hərtərəfli müayinədən sonra qan götürülüb.
Toplanan qan nümunələri laboratoriyada müayinə edildikdən sonra Qan Bankına təhvil veriləcək.