REGİONLAR
Göyçayda şəhid Sənan Məmmədovun doğum günü məzarı önündə qeyd olunub
Göyçay, 28 iyul, AZƏRTAC
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Göyçay rayonunun Çaxırlı kənd sakini Sənan Tehran oğlu Məmmədovun doğum günündə xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənd qəbiristanlığında, məzarı önündə keçirilən anım mərasimdə rayon rəsmiləri, kənd sakinləri, ağsaqqallar, şəhidin yaxınları iştirak ediblər. Əvvəlcə şəhid Sənan Məmmədovun əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Çıxış edən rayon icra hakimiyyətinin başçısı vurğulayıb ki, hər birimiz ötən il sentyabrın 27-dən başlanan, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsində güclü həmrəyliyin, yenilməz iradənin bir daha şahidi olduq. Vətən müharibəsində Azərbaycan gəncliyi vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın azadlığı uğrunda şəhid olan Sənan və onun kimi Vətən oğullarının xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq.
Mərasimdə şəhid Sənan Məmmədovun qısa və şərəfli həyat yolundan xatirələr də söylənilib. Vurğulanıb ki, o, 2000-ci il iyulun 27-də Çaxırlı kəndində dünyaya göz açıb. Orta məktəbi kənddə bitirib. Həqiqi hərbi xidmətdə olub. Vətən müharibəsi başlananda döyüşlərə qatılıb, şərəflə vuruşub. Təəssüf ki, oktyabrın 21-də Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Prezidentin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub.
Mərasimdə çıxış edən şəhidin atası Tehran Məmmədov övladı ilə fəxr etdiklərini söyləyib, şəhidlərə, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.