Göygöl Milli Parkında yaradılan ekoturizm marşrutları vasitəsilə ecazkar mənzərələri seyr etmək mümkündür
AzerTAg.az
Bakı, 1 aprel, AZƏRTAC
Bu gün Göygöl Dövlət Təbiət Qoruğunun yaranma günüdür.
Əsası 1925-ci ildə qoyulan Göygöl Dövlət Təbiət Qoruğuna 2008-ci il aprelin 1-də Prezident İlham Əliyevin 2744 nömrəli Sərəncamı ilə Göygöl Milli Parkı statusu verilib. Milli parkın ərazisi 6 min 739 hektardan 12 min 755 hektara qədər artırılıb. Ərazidə ən hündür zirvə Murovdağ silsiləsinin Camışdağ yüksəkliyidir. Ərazinin 7 min 552 hektarı açıq sahə, 5 min 94 hektarı meşəlik, 109 hektarı isə göllərdən ibarətdir. Milli parkın ərazisində olan 19 göldən 7-si böyük göllərdir. Bunlar Göygöl, Maralgöl, Qaragöl, Qaragöl 2, Zəligöl, Şamlıgöl, Güzgügölüdür. Milli parkın ərazisində 423 növ bitki, 70 növ ağac və kol bitkisi var. Milli parkda “Qırmızı kitab”a daxil edilmiş fauna növlərindən qızıl xallı balıq, qonur ayı, vaşaq, meşə pişiyi, cüyür, Qafqaz maralı, bezoar keçisi, saqqalı kərkəs, tetra, Qafqaz uları, flora aləmindən isə tozağacı, qarmaqvarı şam, cökə, quşarmudu, ryabina və s. rast gəlmək mümkündür.
Bunu AZƏRTAC-a müsahibəsində Göygöl Milli Parkının elm, ekoloji maarifləndirmə və ekoturizm işləri üzrə direktor müavini Fuad Quliyev deyib.
F.Quliyev bildirib ki, Göygöl Milli Parkı xüsusi mühafizə rejiminin tətbiq edildiyi zonalar saxlanılmaqla fəaliyyət göstərir: “Milli park statusu aldıqdan sonra ərazidə Göygöl Turizm Kompleksi yaradıldı və vətəndaşlar rahat bir şəkildə doyumsuz gözəlliyi malik olan Göygöl Milli Parkına axın etməyə başladılar. Bu gün Göygöl Milli Parkına dünyanın hər bir yerindən ziyarətə gələnlər var. Milli park statusu il ərzində əraziyə 200 mindən çox yerli və xarici turistin gəlişini təmin edib. Bu da bölgənin sosial-iqtisadi durumuna müsbət təsir edir.
Hazırda milli parkda ekoturizm fəaliyyətinin təmin edilməsi üçün 10 marşrut fəaliyyət göstərir. Marşrutlar vasitəsilə sıldırımlarda və meşələrdə olan ecazkar mənzərələri seyr etmək mümkündür. Milli parkda ekoturizmin daha da inkişaf etdirilməsi üçün ardıcıl tədbirlər görülür. Daha da əzmlə çalışıb milli parkda turizmi ən üst səviyyəyə çatdıracağıq”.









Xəbərin mətnində orfoqrafik səhv var