CƏMİYYƏT
Göygöl Milli Parkını 350 minə yaxın turist ziyarət edib
Bakı, 2 fevral, AZƏRTAC
Ötən il ərzində bioloji müxtəlifliyin qorunması istiqamətində aparılan işlər davam etdirilib.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin beynəlxalq standartlara uyğun infrastrukturunun yaradılması istiqamətində 2017-ci il ərzində Göygöl Milli Parkının rekreasiya potensiallı ərazilərində ekoturizm infrastrukturu, marşrutların yaradılması işləri davam etdirilib, qısa müddət ərzində xüsusi mühafizə olunan təbiət ərazisini 350 minə yaxın turist səyahət edib.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentindən məlumat verilib.
Bildirilib ki, Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğunun yaradılması üçün “Azərbaycan Respublikasının mühafizə olunan ərazilərinə dəstək proqramı, Zaqatala-Balakən regionu” layihəsi üzrə ötən ilin iyul ayında ərazi ilə tanışlıq üçün Almaniya İnkişaf Bankı tərəfindən təyin edilmiş məsləhətçi-ekspertin ölkəmizə səfəri baş tutub və hazırda hazırlanmış müvafiq tender sənədlərinə baxılır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının dəstəyi ilə həyata keçirilən Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin genişləndirilərək Qızılağac Dənizkənarı Milli Parkının yaradılmasını nəzərdə tutan “Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin tərkibindəki sahilyanı ekoloji sistemlərdə idarəetmənin təkmilləşdirilməsi layihəsi” çərçivəsində rəsmi prosedurlara başlanılıb. Belə ki, milli parkın sərhədləri tam dəqiqləşdirilərək 1:25000 və 1:100000 coğrafi informasiya sistemləri (CIS) xəritələri hazırlanıb və ümumi sahəsi 300 kvadratmetr olan inzibati binasının tikintisi başa çatdırılıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 13 noyabr tarixli 487 nömrəli Qərarı ilə Korçay Dövlət Təbiət Qoruğunun və 2017-ci il 22 dekabr tarixli 592 nömrəli Qərarı ilə isə Eldar Şamı Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonaları təsdiq edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2017-ci il 19 sentyabr tarixli Əmrinə əsasən Goranboy rayonu Buzluq kəndinin ərazisində yerləşən “Buz Mağarası”na və Lerik rayonunun Kələxan kəndində yerləşən “Qala Dağı”na bölgə əhəmiyyətli təbiət abidəsi statusu verilib və “Dövlət tərəfindən qorunan dövlət təbiət abidələrinin – geoloji (paleontoloji) obyektlərin Siyahısı”na daxil edilib.
“Ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində 8 baş ceyran Ağgöl Milli Parkının ərazisinə köçürülüb.
Xatırladaq ki, hazırda ölkədə ümumi sahəsi 892546,49 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.