CƏMİYYƏT
Göygöldə və Ağdamda top mərmiləri aşkarlanıb
Bakı, 22 fevral, AZƏRTAC
Fevralın 22-də saat 14:02-də Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində bir ədəd mərmiyə oxşar əşyanın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları qeyd olunmuş əraziyə baxış keçiriblər. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd 76 millimetrlik top mərmisi (O-343) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Mərminin ətrafında 100 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Eyni gün saat 12:38-də DİN-in 102 - Zəng Mərkəzi Xidmətindən agentliyə Ağdam rayonunun Əhmədağalı kəndində mərminin tapılması barədə məlumat daxil olub. Məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları əraziyə baxış keçiriblər. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Qurumun mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd 30 millimetrlik zenit top mərmisi (OFZ) aşkar olunub. Həmin mərmi zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərminin ətrafında 1000 kvadratmetr əraziyə yerüstü, 100 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.