CƏMİYYƏT
“Güclü lider - güclü Azərbaycan – Son 1 ilin uğurları” mövzusunda tədbir keçirilib
Bakı, 10 aprel, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatı Şuşa Rayon İcra Hakimiyyəti (RİH) ilə birgə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial, iqtisadi, siyasi islahatlara həsr olunmuş “Güclü lider - güclü Azərbaycan - Son 1 ilin uğurları” mövzusunda tədbir keçirib.
İcra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə 2016-cı ilin aprel ayında Ermənistan-Azərbaycan təmas xəttində baş vermiş döyüşlərdə torpaqlarımızın bütövlüyü uğrunda həyatlarını itirmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən bir il ərzində görülən işlərə həsr olunmuş videoçarx nümayiş etdirilib.
YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev çıxış edərək dövlətimizin başçısı İlham Əliyevin prezidentlik dövrünün ilk bir ili ərzində Azərbaycanın öz dinamik inkişafını təmin etdiyini və vətəndaşlarımızın əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşadığını bildirib. O, dövlətimizin hərtərəfli inkişafı və xalqın sosial rifahının daha da gücləndirilməsi istiqamətində görülən işlərin məqsədyönlü dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu bildirib.
Şuşa RİH başçısının müavinləri Əkbər Hacıyev, Vüsalə Fətəliyeva, Şuşa Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov qeyd ediblər ki, son bir ildə görülən işlər, həyata keçirilən beynəlxalq miqyaslı layihələr, əslində, bir neçə ilin uğurlu işlərini özündə birləşdirir. Analoqu olmayan bu siyasət məhz dövlətimizin başçısı tərəfindən reallaşdırılır.
Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.