ORDU
Güləş üzrə hərbçilərin dünya çempionatında medal qazanan idmançılarla görüş keçirilib
Bakı, 7 oktyabr, AZƏRTAC
Oktyabrın 7-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Beynəlxalq Hərbi İdman Şurasının (CISM) təşkilatçılığı ilə Litvanın Klaypeda şəhərində keçirilən güləş üzrə hərbçilərin 32-ci dünya çempionatında medal qazanan idmançılar və onların məşqçiləri ilə görüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi idmançılarımızın çempionatda çıxışını yüksək qiymətləndirən Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov əldə olunmuş uğur münasibətilə idmançılara, məşqçilərə və mütəxəssislərə müdafiə nazirinin təbriklərini çatdırıb.
Ölkəmizin dünyanın aparıcı idman dövlətləri sırasında olduğunu qeyd edən general-leytenant N.Osmanov bütün istiqamətlərdə olduğu kimi, idman sahəsində də nailiyyətlər əldə edildiyini, qazanılan müvəffəqiyyətlərin məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısının, dövlət dəstəyinin göstəricisi olduğunu xüsusi vurğulayıb.
Sonra çempionatda yüksək nəticələr göstərmiş idmançılar və məşqçilər Müdafiə Nazirliyinin rəhbərliyi adından mükafatlandırılıb.
Xatırladaq ki, sentyabrın 18-dən 25-dək keçirilən dünya çempionatında Azərbaycanı Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-Roma güləşi üzrə komandaları təmsil ediblər. Dörd qitədən, 22 ölkədən 320-dən çox idmançının iştirak etdiyi çempionatda Azərbaycan təmsilçiləri 1 qızıl, 3 gümüş və 6 bürünc olmaqla ümumilikdə 10 medal qazanıblar.
Sərbəst güləş üzrə yığmamız komanda hesabında üçüncü yerə çıxaraq çempionatın kubokuna layiq görülüb.