MƏDƏNİYYƏT
Günay Əfəndiyeva: Hun-Türk Qurultayı kimi tədbirlərin Bursada, Şuşada, Türküstanda, Oşda, həmçinin Səmərqənd və Mərvdə də təşkil olunması mühüm önəm daşımaqdadır
Bakı, 15 avqust, AZƏRTAC
Macarıstanın Buğac bölgəsində avqustun 12-14-də Avropada ən böyük ənənəvi tədbirlərdən sayılan, 27 türk xalqının iştirak etdiyi təntənəli VII Hun–Türk Qurultayı gerçəkləşdirilib. Türk dünyasının birliyini təcəssüm etdirən beynəlxalq qurultay Macarıstanın Budapeşt, Keçkement, Şiofok şəhərlərində də coşqu ilə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qurultay iştirakçılarına təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Mən əminəm ki, qurultaya qatılan hər bir türk minilliklərə söykənən mədəniyyətin davamçısı və parçası olduğu üçün böyük fəxarət duymaqdadır. Qurultayda türk xalqlarının milli mədəniyyət nümunələrinin nümayiş etdirilməsi Avropa məkanında maddi-mənəvi dəyərlərimizin tanıdılması baxımından da önəmli rol oynayır”.
Fondun prezidenti türk xalqları arasında birlik və bərabərliyin möhkəmləndirilməsində son dərəcə əhəmiyyətli olan Hun-Türk Qurultayının təşkili münasibətilə Macar-Turan Fondunun prezidenti Andraş Bironu və əməyi keçən hər kəsi təbrik edib: “Bu cür maraq və əks-səda doğuran tədbirlərin, qürurlu anların Türk Dünyasının dörd bir yanında, o cümlədən Bursada, Şuşada, Türküstanda, Oşda, Səmərqənddə və Mərvdə də təşkil olunması mühüm önəm daşıyır. Beləliklə, türklər olaraq, öz şanlı keçmişimizi bir daha xatırlayacaq, bu günümüzə nəzər salacaq və güc alaraq, əl-ələ parlaq gələcəyə doğru irəliləyəcəyik”.
Eyni zamanda, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu VII Hun-Türk Qurultayında dəstəkçi təşkilat kimi çıxış edib. Fondun və Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycanın tanınmış tarzəni Arslan Növrəsli, Azərbaycanın Əməkdar artistləri Nuriyyə Hüseynova, Qoçaq Əsgərov, Kamran Kərimov, kamança ustası Elnur Mikayılov və “Odlar Yurdu” rəqs qrupu qurultayda iştirak edib. Sənətçilərin türk dünyasının zəngin musiqisini əks etdirən ifaları maraqla qarşılanaraq, alqışlarla müşayiət olunub.