SİYASƏT
Gürcüstan KİV-ləri Prezident İlham Əliyevin Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələrlə bağlı fikirlərinə geniş yer verib
Tbilisi, 25 noyabr, AZƏRTAC
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Kəlbəcər rayonunun işğaldan azad edilməsi ilə bağlı xalqa müraciəti Gürcüstan KİV-lərinin diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, report.ge, gaxa.ge, dalgatv.ge, 24news.ge informasiya agentlikləri, eləcə də yerli televiziyalar Prezident İlham Əliyevin xalqa müraciətində söylədiyi nitqdən xəbərlər yayıblar.
Materiallarda Qarabağda əldə olunan qələbənin təkcə Ermənistan üzərində deyil, erməni faşizmi üzərində də bir qələbə olması, Kəlbəcərin yenidən qurulması ilə əlaqədar baş planın hazırlanması, eləcə də Qafqaz Albaniyasına aid olan tarixi abidələrin, kilsələrin tarixi-mədəni sərvət olması ilə bağlı Prezidentin fikirləri diqqətə çatdırılır.
Dövlət başçısının bu fikirləri oxuculara təqdim edilib: “Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. Azərbaycan xalqı onu yaxşı bilir və bütün dünya bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Bu, heç kəsə sirr deyil. Sadəcə olaraq, erməni “tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər. Tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqorian kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar. Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var. Bu əsərlər nəinki elm ictimaiyyətinə, bütövlükdə dünya ictimaiyyətinə çatdırılır və çatdırılmalıdır. Qafqaz Albaniyası böyük dövlət olub. Onun paytaxtı Qəbələ şəhəri olub. Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir”.
Materiallarda ermənilərin tərk etdikləri ərazilərdəki vəhşiliklərdən də bəhs olunur: “Onlar evləri yandırırlar, hansı ki, o evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin evlərinə giriblər, soxulublar, orada yaşayıblar. Məktəbləri yandırırlar, apara bilmədikləri ev heyvanlarını öldürürlər. Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik! Mən bir daha deyirəm və hər dəfə də deyəcəyəm, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi