SİYASƏT
Gürcüstan ilə QDİƏT PA arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Tbilisi, 25 iyun, AZƏRTAC
Tbilisidə səfərdə olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) Baş katibi Asəf Hacıyev iyunun 24-də Gürcüstan parlamentinin sədri Kaxa Kuçava ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Gürcüstan parlamentinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə tərəflər Gürcüstan və QDİƏT PA arasındakı mövcud əlaqələri, o cümlədən regiondakı mövcud vəziyyəti müzakirə ediblər.
Söhbət zamanı təşkilata üzv ölkələr arasında iqtisadi və mədəni əməkdaşlığın dərinləşdirilməsinin önəmi vurğulanıb.
Qlobal pandemiya dövründə səhiyyə sahəsində əməkdaşlığın intensivləşdirilməsinin əhəmiyyəti xüsusi qeyd edilib.
Baş katib Asəf Hacıyev təşkilatın Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini təsdiqləyib və gürcü spikeri İstanbula səfərə dəvət edib.
A.Hacıyev Gürcüstan parlamentinin vitse-spiker Arçil Talakvadzeni fəxri medalla təltif edib.
Qeyd olunub ki, A.Talakvadze bu mükafata QDİƏT PA-nın fəaliyyətinə verdiyi töhfəyə görə layiq görülüb.
Baş katib Gürcüstana səfəri çərçivəsində parlament çoxluğu və müxalifət nümayəndələri ilə görüşlər keçirəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi