DÜNYA
Gürcüstanda 31 nəfər koronavirusun Britaniya ştammına yoluxub
Tbilisi, 5 mart, AZƏRTAC
Gürcüstanda 31 nəfərin koronavirusun Britaniya ştammına yoluxması təsdiq olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbərinin müavini Paata İmnadze “Rustavi 2” televiziya kanalındakı çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, hazırda ölkədə Britaniya ştammının geniş yayılması təhlükəsi yoxdur.
Mütəxəssis qeyd edib ki, tibbi maskalardan istifadə və insanlar arasında ara məsafəsinin qorunması xəstəliyin daha geniş yayılmasının qarşısının alınmasında mühüm rol oynayır.
Koronavirusun Afrika və Braziliya növlərinin yayılması ilə bağlı xəbərlərə münasibət bildirən İmnadze deyib ki, aparılan yoxlamalar zamanı sözü gedən viruslara yoluxma halları təsdiqini tapmayıb.
Qeyd edək ki, Gürcüstanda koronavirusa yoluxma hallarında yenidən artım qeydə alınıb.
Martın 5-də ölkədə daha 390 nəfərdə koronavirus təsdiqlənib. Bununla da Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 272 min 262-yə çatıb. Onlardan 266 min 253-ü sağalıb.
Son sutka ərzində daha 10 nəfər pandemiyanın qurbanı olub və bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 563 nəfərə çatıb.
Hökumət rəsmiləri artımın davam edəcəyi təqdirdə məhdudiyyətlərin yenidən tətbiq ediləcəyini bildirirlər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi