İQTİSADİYYAT


Gürcüstanda etnik azərbaycanlılar yaşayan kəndə SOCAR-ın təşəbbüsü və sərmayəsi ilə qazpaylayıcı xətt çəkilib

Tbilisi, 26 sentyabr, AZƏRTAC

SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan Prezidentinin Kvemo-Kartli vilayətində səlahiyyətli nümayəndəsi Şota Rexviaşvili, Marneuli şəhərinin meri Zaur Darğallı, “SOCAR Energy Georgia” və “SOCAR Georgia Gas” şirkətlərinin rəhbərliyi, həmçinin regiondan seçilmiş deputatların iştirakı ilə Marneuli bələdiyyəsinin Xancığazlı kəndində tikintisi bu yaxınlarda başa çatdırılmış qazpaylayıcı xəttin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Xancığazlıdakı qazpaylayıcı şəbəkənin tikintisi “SOCAR Georgia Gas” şirkətinin təşəbbüsü və sifarişi ilə həyata keçirilib, Gürcüstanın müvafiq səlahiyyətli qurumu ilə razılaşdırılıb. Boru kəmərinin uzunluğu 7400 metrdir. Görülmüş qazlaşdırma tədbirləri nəticəsində Xancığazlı kəndində yaşayan 127 ailə təbii qazdan istifadə imkanı əldə edib. 86 ailənin evi artıq qazlaşdırılıb. Hazırda Kvemo-Kartli regionunda 117 mindən çox ailə təbii qaz istifadəçisidir.

Həmin gün Kaspi bələdiyyəsinin Niqoza kəndində də yeni qazpaylayıcı boru kəmərinin açılışı olub. Mərasimdə SOCAR-ın prezidenti R.Abdullayev, Gürcüstan Qaz Nəqliyyat Şirkətinin baş direktoru Caba Xmaladze, Şida Kartli vilayətinin qubernatoru Giorgi Xocevanişvili, Kaspi bələdiyyəsinin rəhbəri Manuçar Merebaşvili, “SOCAR Energy Georgia” və “SOCAR Georgia Gas” şirkətlərinin rəhbərliyi iştirak ediblər.

Məlumat verilib ki, Niqoza kəndindəki qazpaylayıcı xətt Gürcüstan Qaz Nəqliyyat Şirkətinin sifarişi ilə tikilib. Uzunluğu Üç min metrdən çox olan şəbəkənin istismarı “SOCAR Georgia Gas” tərəfindən həyata keçiriləcək. Görülən işlər nəticəsində Niqoza kəndində 90 ailə təbii qazla təmin olunub. Hazırda Şida Kartli regionunda 89 min 300 ailə təbii qazdan istifadə edir.

2009-cu ildən etibarən “SOCAR Georgia Gas” şirkəti ümumilikdə 11 min 500 kilometrədək qazpaylayıcı xəttin çəkilişini həyata keçirib ki, bu da 305 mindən çox potensial abonentə şəbəkəyə qoşulma imkanı verib. Dövlət proqramı əsasında həyata keçirilən qazlaşdırma layihəsi Gürcüstan Qaz Nəqliyyat Şirkətinin müəyyən etdiyi bölgələrdə və qurumun sifarişi əsasında həyata keçirilir. Bununla yanaşı, SOCAR da, əlavə olaraq, öz investisiya proqramı çərçivəsində 700-dən çox yaşayış məntəqəsində, o cümlədən etnik azərbaycanlıların sıx yaşadığı ərazilərdə qazpaylayıcı şəbəkəni genişləndirir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.