CƏMİYYƏT


Gürcüstanda fəaliyyət göstərən “actual.ge” portalı bir yaşını qeyd edib

Tbilisi, 30 noyabr, AZƏRTAC

Gürcüstanda geniş oxucu kütləsinə malik “Aktual Media" və onun nəzdində fəaliyyət göstərən “aktual.ge” xəbər portalının bir yaşı tamam olub.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə təşkil olunan tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşları, gürcü və azərbaycanlı ictimaiyyət nümayəndələri, din xadimləri, QHT təmsilçiləri iştirak ediblər.

Portalın rəhbəri İlkin Hüseynov çıxış edərək ötən bir il ərzində görülən işlər, qazanılan uğurlar, beynəlxalq əməkdaşlıq və sair məsələlər barədə məlumat verib. Bildirilib ki, Azərbaycan, gürcü, ingilis və türk dillərində fəaliyyət göstərən portal bir il ərzindən 18 mindən çox material hazırlayaraq oxuculara təqdim edib. Hazırda portalın oxucu və izləyici sayı 10 milyona yaxındır.

Azərbaycan səfirliyinin məsul əməkdaşı Anar Rəsulov çıxış edərək portalın əməkdaşlarını təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb. Bildirib ki, “aktual.ge” portalının Azərbaycan həqiqətləri barədə yaydığı məlumatlar qonşu ölkənin oxucuları tərəfindən də maraq və diqqətlə izlənilir.

AZƏRTAC-ın Gürcüstandakı xüsusi müxbiri Xətayi Əzizov, “Mtavarı arxi” telekanalnın jurnalisti Ceyhun Məhəmmədəli, Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusubov, din xadimləri Mirtəqi Əsədov, Etibar Eminov, Marneuli 2 saylı ictimai məktəbinin direktoru Şorena Xuxua, GAİM-in icraçı direktoru Orxan Pirverdiyev və başqaları çıxış edərək portalın kollektivini təbrik ediblər.

Tədbir çərçivəsində “Aktual Media"nın Azərbaycan Diasporuna Dəstək Fondunun köməkliyi ilə Gürcüstanda ilk dəfə təşkil etdiyi “Jurnalistika kursu”nun məzunlarına sertifikatlar təqdim olunub.

Bildirilib ki, bu kurs Gürcüstanda yaşayan soydaşlarımız arasında maarifləndirmə, Azərbaycan dilinin tədrisi və gənclərin jurnalistikaya meyillərinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd olunub ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevin, Türkiyənin səfiri Fatma Ceren Yazganın, hüquqşünas Eda Qocayevanın, GAİM-in icraçı direktoru Orxan Pirverdiyevin kurs iştirakçıları ilə görüşü və dinləyicilərə verdikləri dəyərli məsləhətlər, tövsiyələr mühüm əhəmiyyət kəsb edib.

Kursu bitirənlərə sertifikatla yanaşı "Otaci" şirkətinin hədiyyələri təqdim edilib.

Kursun müəllimləri Xətayi Əzizova və Ceyhun Məhəmmədəliyə isə “Təşəkkürnamə” təqdim olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.