SİYASƏT
Gürcüstanda ingiltərəli jurnalistin Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitabının təqdimatı keçirilmişdir
Tbilisi, 14 iyun (AZƏRTAC). Gürcüstan parlamentinin Tbilisidəki kitabxanasında ingiltərəli jurnalist Tomas de Vaalın “Qarabağ. Ermənistan və Azərbaycan sülh və müharibə şəraitində” kitabının təqdimatı keçirilmişdir.
Kitabın təqdimat mərasimində ictimaiyyət nümayəndələri, beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri iştirak etmişlər.
Tədbirdə çıxış edənlər kitabla əlaqədar fikir və rəylərini bildirmişlər.
Kitabın müəllifi ilk nəşrin 2003-cü ildə ingilis dilində işıq üzü gördüyünü, sonra yeniləşmiş formada rus dilinə tərcümə olunub çap edildiyini bildirmişdir. O, kitabın birmənalı qarşılanmadığını, münaqişəyə cəlb olunmuş tərəflər arasında onu tənqid edənlərlə yanaşı, təqdir edənlərin də olduğunu qeyd etmişdir.
Kitabxananın böyük salonunda buna paralel olaraq “Assoşieyted Press” agentliyinin Qafqaz üzrə fotomüxbiri Şahvələd Eyvazovun və fotoqraf Qoqi Saqareişvilinin Dağlıq Qarabağ münaqişəsindən bəhs edən fotoşəkillərdən ibarət sərgi də açılmışdır.
Tədbir iştirakçıları münaqişənin ilk illərində lentə alınmış fotoları maraqla nəzərdən keçirmişlər.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi