CƏMİYYƏT
Gürcüstanın Kvemo Kartli bölgəsində Dini Məsələlər üzrə Dövlət Agentliyinin regional bölməsi yaradılıb
Tbilisi, 12 mart, AZƏRTAC
Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin ilk regional bölməsi yaradılıb.
AZƏRTAC xəbər verir ki, bölmə azərbaycanlıların sıx yaşadıqları Kvemo Kartli bölgəsində açılıb.
Azərbaycanlı ziyalı Abay Paşayev regional bölmənin rəhbəri təyin olunub.
Bu münasibətlə keçirilən tədbirdə Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaqmadze, yerli hakimiyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə regional bölmə barədə məlumat verilib. Bildirilib ki, Kvemo Kartli bölgəsində yaradılan bölmə Dini Məsələlər üzrə Dövlət Agentliyinin ilk regional ofisidir. Bölmə hakimiyyət orqanları ilə yerli dini icmalar arasında fəaliyyəti koordinasiya etməklə yanaşı, bu sahədə mövcud çatışmazlıqları da müəyyən edəcək.
Dini Məsələlər üzrə Dövlət Agentliyinin Acarıstan Muxtar Respublikası və Samtsxe Cavaxeti bölgəsində də regional ofislərinin açılacağı nəzərdə tutulub.
Məlumat üçün qeyd edək ki, A.Paşayev uzun illər təhsil sahəsində çalışıb. O həmçinin “Gürcüstan azərbaycanlılarının vətəndaş inkişaf mərkəzi” adlı qeyri-hökumət təşkilatının sədridir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi