DÜNYA


Gürcüstanın azərbaycanlı vətəndaşları prezident seçkilərində fəal iştirak ediblər

Tbilisi, 29 oktyabr, AZƏRTAC

Oktyabrın 28-də Gürcüstanda keçirilən prezident seçkilərində bu ölkədəki mili azlıqlar, o cümlədən azərbaycanlılar da fəal iştirak ediblər.

Gürcüstanın azərbaycanlı vətəndaşları azad və demokratik şəkildə öz seçimlərini ediblər.

AZƏRTAC Gürcüstan Mərkəzi Seçki Komissiyasına (MSK) istinadla xəbər verir ki, onların əksəriyyəti prezident seçkilərində hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişviliyə səs verib.

MSK-nın məlumatında bildirilir ki, azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə seçki bülletenləri Azərbaycan və gürcü dillərində olub.

Marneuli rayonunda 90 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə görə, S.Zurabişvili 47,79 faiz, “Vahid Milli Hərəkat” partiyasının namizədi Qriqol Vaşadze isə 39,05 faiz səs qazanıb.

Azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda 63 seçki məntəqəsi üzrə keçirilmiş səsvermənin nəticələrinə əsasən, Salome Zurabişvili 40,23 faiz, Qriqol Vaşadze isə 42,63 faiz səs əldə edib.

S.Zurabişviliyə ən çox səs Bolnisi rayonunda verilib. Xanım namizəd rayonun 62 seçki məntəqəsi üzrə səslərin 59,18 faizini qazanıb. Q.Vaşadzenin topladığı səs isə 31,45 faiz olub.

Dmanisi rayonunda 50 seçki məntəqəsində S.Zurabişvili 48,43 faiz, Q.Vaşadze isə 39,71 faiz səs qazanıb.

Məlumat üçün qeyd edək ki, seçkilərin əsas favoriti olan hər iki namizəd birinci turda lazım olan səs faizini toplaya bilmədikləri üçün prezident kürsüsü uğurunda mübarizəni ikinci turda davam etdirəcəklər.

İkinci tur isə dekabrın 1-dən gec olmayaraq keçirilməlidir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.