HƏMKARLAR İTTİFAQLARININ ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
AzerTAg.az
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında AHİK sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev Norveçin Neft və Neft-Kimya Sənayesi İşçilərinin Həmkarlar İttifaqları Federasiyası (NOPEF) və Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkil etdiyi seminarın işində iştirak edən bir qrup xarici ölkə həmkarlar ittifaqı nümayəndələri ilə görüşmüşdür.
AHİK-in təşkilat işləri və məlumat şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, Fransanın Kimya və Energetika İşçilərinin Həmkarlar İttifaqı Federasiyasının (FCECFDT) katibi Sylvain Lefebvri, Almaniyanın Dağ-Mədən, Kimya və Energetika İşçilərinin Həmkarlar İttifaqı Federasiyasının (İGBCE) beynəlxalq əlaqələr departamentinin rəhbəri Manfred Vardanı və Türkiyənin “Lastik-İş” şirkətinin məsul işçisi Kamal Özkanı səmimi salamlayan S.Mehbalıyev onlara respublikamızda həmkarlar ittifaqı işinin yaxşılaşdırılması və əməkçilərin əmək, sosial-iqtisadi hüquqlarının müdafiəsi istiqamətində Azərbaycan həmkarlar ittifaqları sistemində görülən tədbirlər, respublikamızda mövcud iqtisadi-siyasi vəziyyət barədə geniş məlumat vermiş, beynəlxalq əlaqələrin müasir dövr üçün zəruriliyini vurğulamışdır. Respublika sahə həmkarlar ittifaqlarının Beynəlxalq Sahə Həmkarlar İttifaqları ilə keçirdikləri seminarların xüsusi əhəmiyyət daşıdığını önə çəkməklə, bu sahədə işlərin davam etdirilməsinin zəruriliyini bildirmişdir.
Konfederasiyanın sədri Dağlıq Qarabağ problemi ilə maraqlanan qonaqlara Ermənistanın işğalçılıq siyasətindən, öz vətənlərində qaçqın olan həmyerlilərimizin vəziyyətindən, Azərbaycan həmkarlar ittifaqlarının onlara müvafiq yardımlar etməsindən söhbət açmış və beynəlxalq təşkilatların bu məsələyə obyektiv münasibətlərinin vacibliyini diqqətə çatdırmışdır.
Səmimi qəbul üçün AHİK sədri S.Mehbalıyevə nümayəndələr adından minnətdarlıq edən Fransanın Kimya və Energetika İşçilərinin Həmkarlar İttifaqı Federasiyasının (FCECFDT) katibi Sylvain Lefebvr Azərbaycanda fəaliyyət göstərən müvafiq sahə həmkarlar ittifaqları ilə əməkdaşlıq münasibətlərindən və bu istiqamətdə mütəmadi olaraq aparılan fikir mübadiləsinin əhəmiyyətindən danışmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var