Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

HAQQ İŞİMİZİN GƏLƏCƏK UĞURLARINA XİDMƏT EDƏN GÖRÜŞLƏR
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TÜRKİYƏYƏ İŞGÜZAR SƏFƏRİ
ƏMƏKDAŞLIĞIN İNKİŞAFI NAMİNƏ

Xəbər verdiyimiz kimi, iyunun 9-10-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəlin dəvəti ilə Türkiyədə qısamüddətli səfərdə olmuşdur. Respublikanın rəhbərini bu səfərdə xarici işlər naziri Həsən Həsənov, dövlət müşavirləri Vəfa Quluzadə, Qabil Hüseynli, digər rəsmi şəxslər, mətbuat işçiləri müşayiət etmişlər.

Heydər Əliyev yola düşməzdən əvvəl Bakının Binə hava limanında bu səfərin məqsədi barədə jurnalistlərin suallarına cavabında bildirdi ki, Türkiyə ilə Azərbaycan bir-birinə çox yaxın, dost ölkələrdir. Azərbaycanın Türkiyə ilə dostluq və əməkdaşlıq haqqında müqaviləsi vardır və biz bu ölkə ilə müntəzəm əlaqə saxlayırıq. 1994-cü ilin fevralında mən Türkiyədə rəsmi səfərdə olarkən bir çox mühüm müqavilələr, sazişlər imzalamışıq və bunların həyata keçirilməsi ilə hər iki tərəf məşğul olur. Bu yaxınlarda mən Belçikaya səfərdən Bakıya dönərkən də bir neçə saat Ankarada oldum, Türkiyənin rəhbərləri ilə görüşdüm, söhbətlər etdik, məsləhətləşmələr apardıq.

Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin inkişaf etdiyi indiki şəraitdə bizim vaxtaşırı görüşməyə, danışıqlar, məsləhətləşmələr aparmağa ehtiyacımız var. Ona görə də dostum, qardaşım Süleyman Dəmirəl məni Türkiyəyə dəvət edib. O, İstanbulda olduğu üçün rica edib ki, İstanbula gəlim, orada görüşərək əməkdaşlığımızın davam etməsi ilə əlaqədar bir sıra məsələləri müzakirə edək. Mən bu dəvəti məmnuniyyətlə qəbul etmişəm.

- Hörmətli Prezident, hazırda İstanbulda Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici ölkələrin neft şirkətləri arasında dəniz neft yataqlarının birgə işlənməsinə dair müqavilə bağlanması barədə danışıqlar gedir. Orada Şimali Atlantika Əməkdaşlıq Şurasının iclası da keçiriləcəkdir. Səfərinizin bu iki mühüm hadisə ilə əlaqəsi varmı?

- Xeyr, mənim səfərim həmin hadisələrlə əlaqədar deyil. Bu, sadəcə olaraq təsadüfdür. Əgər Türkiyə Prezidenti Süleyman Dəmirəl bu gün Ankarada olsaydı, mən Ankaraya gedəcəkdim. Ancaq o, indi İstanbuldadır, ona görə də məni İstanbula dəvət etdi.

Qərb ölkələrinin neft şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında danışıqlar üç gündür ki, yenidən başlanıb. Bu danışıqlar lazımi səviyyədə davam edir. Hazırda bu işlərə mənim müdaxilə etməyimə ehtiyac yoxdur. Çünki respublika Dövlət Neft Şirkətinin nümayəndə heyəti İstanbula yola düşərkən mən onları qəbul etdim, ətraflı söhbət apardıq. Bu barədə Azərbaycanın prinsipial mövqeyi müəyyənləşib və nümayəndələrimiz də danışıqları bunun əsasında aparırlar.

Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olan ölkələrin xarici işlər nazirlərinin iclasında isə Həsən Həsənov dəvət olunub. O, orada çıxış edəcək və bütün fikirlərimizi ŞAƏŞ-in iclasının iştirakçılarına çatdıracaqdır.

Rusiya müdafiə nazirinin Bakıya səfərinin məqsədi barədə suala isə Prezident belə cavab verdi:

- Pavel Qraçovun Bakıya səfəri Qəbələdəki böyük əhəmiyyət kəsb edən hava hücumundan müdafiə qurğusu ilə əlaqədardır. Bu barədə bizim müəyyən danışıqlarımız olub. Mən Rusiyanın Prezidenti Boris Yeltsinlə telefonla danışıq aparmışam. Həmin obyekt vaxtı ilə Sovet İttifaqının strateji raketlərdən mühafizə olunması üçün qurulmuşdur. Bunun indi Rusiya üçün böyük əhəmiyyəti var. Həmin qurğu hazırda istismar olunur, ancaq onun Azərbaycandakı statusu müəyyən deyil. Bir halda ki, həmin qurğu Azərbaycanın ərazisində yerləşir, deməli, Azərbaycana məxsusdur. Sovet İttifaqı iki il yarımdır dağılıb. Təəssüf ki, bu müddətdə məsələ həll olunmayıb. Yəni iki il yarımdır ki, qurğudan Rusiya yenə də istifadə edir, ancaq Azərbaycanın hüquqları müəyyən deyil. Ona görə də mən Rusiyanın Prezidenti Boris Yeltsinin, müdafiə naziri Pavel Qraçovun qarşısında bu məsələni qaldırmışam. Pavel Qraçov da həmin məsələni müzakirə etmək üçün Bakıya gəlir.

...Təyyarə səmaya qalxaraq Türkiyəyə doğru istiqamət götürdü.

İSTANBULDA SƏMİMİ QARŞILANMA

İstanbulun Atatürk hava limanında Azərbaycan Prezidenti Heydər Əliyevi Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəl və yüksək vəzifəli digər şəxslər qarşıladılar. Fəxri qonağın rəsmi qarşılanma mərasimindən dərhal sonra prezidentlər hava limanının geniş salonunda jurnalistlər qarşısında çıxış etdilər.

Süleyman Dəmirəl Azərbaycan Prezidentini və onu müşayiət edən şəxsləri salamlayaraq bildirdi ki, Heydər Əliyev Türkiyəyə qısamüddətli işgüzar səfərə onun dəvəti ilə gəlmişdir. Türkiyə Prezidenti Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana təcavüzündən bəhs edərək, öz doğma torpağında qaçqına çevrilmiş 1 milyon 200 min insanın daha bir qışı fövqəladə çətin şəraitdə başa vurmasından narahatlıqla söhbət açdı.

Türkiyə Prezidenti dedi ki, qüvvə, güc işlətmək yolu ilə torpaq işğal etməyin bütün dünyada pislənildiyi indiki zamanda Ermənistanın işğalçılıq hərəkətlərini biz çox böyük əsəbiliklə qarşılayırıq. Çünki indiki dünyada belə hallara yol verilməməlidir. Bizə elə gəlir ki, bütün ölkələr bir-biri ilə sıx dostluq əlaqələri qursa, Ermənistan belə hərəkətə yol verə bilməz.

O, daha sonra dedi: Ermənistan kiçik bir dövlətdir. Biz bir daha elan edirik ki, Ermənistan Azərbaycana rahatlıq verməyincə, Ermənistanla Türkiyə arasında yaxşı münasibətlər mümkün olmayacaq. Biz bu haqda bir neçə dəfə xəbərdarlıq etmişik. Süleyman Dəmirəl qeyd etdi ki, Ermənistan Türkiyə ilə Azərbaycan arasında yerləşən bir ölkədir. Əgər o, Azərbaycana təcavüz etməsəydi, Zaqafqaziyada dostluq olardı və bu dostluqdan hamı faydalanardı.

Bu müharibəyə son qoyulması üçün dünya dövlətlərinin lazımi iş görməməsindən üzüntü ilə söhbət açan Süleyman Dəmirəl dedi ki, biz Şimali Atlantika Əməkdaşlıq Şurasının İstanbulda xarici işlər nazirləri səviyyəsində keçirilən iclasının iştirakçılarına da Azərbaycana qarşı edilən haqsızlıqlar barədə geniş məlumat verəcəyik. Türkiyə Prezidenti qeyd etdi ki, o, elə bu gün ABŞ dövlət katibi Uorren Kristoferlə görüşündə həmin mövzuya xüsusi yer ayıracaqdır. Süleyman Dəmirəl dünyanın nüfuzlu ölkələrinin, sülhü, əmin-amanlığı qorumağa tərəfdar olan hər kəsin Azərbaycanın haqsızlığa məruz qalmasına seyrçi münasibətə son qoyması lüzumunu xüsusi vurğuladı. O bildirdi ki, Türkiyə lap əvvəldən bu məsələlərə lazımi diqqət yetirsə də müharibə Azərbaycana, onun xalqına böyük zərər vurmuşdur. Biz istəyirik ki, sülhə doğru yolda yeni-yeni addımlar atılsın, sülh naminə bütün diplomatik vasitələrdən hərtərəfli istifadə olunsun.

Süleyman Dəmirəl çıxışının axırında Azərbaycan Prezidenti ilə qarşıdakı danışıqlarından da söhbət açaraq bildirdi ki, biz dünya dövlətləri ilə daha sıx əlaqələr qurulması və digər məsələlər barədə məsləhətləşmələr aparacağıq. Heydər Əliyev bir sıra xarici ölkələrin İstanbula gəlmiş yüksək vəzifəli şəxsləri ilə də görüşlər keçirəcəkdir.

Türkiyə Cümhuriyyətinin Prezidenti Azərbaycan Prezidentini və nümayəndə heyətini bir daha mehribancasına salamlayaraq əmin olduğunu bildirdi ki, tezliklə Qafqazda sülh bərpa olunacaq, Azərbaycanda firavanlıq hökm sürəcək və iki dost, qardaş ölkə arasında daha sıx iş birliyi yaranacaqdır.

Heydər Əliyev Türkiyə Cümhuriyyətinin Prezidentini, buraya toplaşanları, o cümlədən mətbuat işçilərini salamladı. İstanbula dəvət üçün Azərbaycanın dostu, qardaşı hörmətli Süleyman Dəmirələ minnətdarlığını bildirərək dedi:

- Əziz Süleyman bəy! Sizinlə bir daha görüşmək, bir çox məsələlər haqqında fikir mübadiləsi aparmaq, məsləhətləşmək bizim üçün çox vacibdir və bu imkana görə Sizə təşəkkür edirəm. Türkiyənin böyük və gözəl şəhəri İstanbula gəlməyimdən çox məmnunam. Istanbullulara, Türkiyədəki bütün qardaşlarımıza öz salamımı yetirir, hörmətimi bildirirəm.

Heydər Əliyev işgüzar səfərinin məqsədini açıqlayaraq dedi ki, Türkiyə və Azərbaycan dost, qardaş, qonşu dövlətlərdir. Ölkələrimiz arasında əlaqələr son vaxtlar çox sürətlə inkişaf edir. Azərbaycan Prezidenti bu ilin fevralında Türkiyəyə rəsmi səfərindən, bir ay bundan əvvəl Brüsseldən qayıdarkən Ankarada olmasından bəhs edərək əmin olduğunu bildirdi ki, indiki qısamüddətli işgüzar səfər zamanı keçiriləcək görüşlər, danışıqlar iki ölkə arasında əlaqələrin daha da inkişafına kömək edəcəkdir.

Altı ildən bəri davam edən müharibəni Azərbaycan üçün ən böyük problem hesab edən Heydər Əliyev Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizindən çoxunun işğal olunduğunu, 1 milyon 200 mindən artıq insanın qaçqın-köçkün vəziyyətində yaşadığını bildirdi və qeyd etdi ki, bütün bunlara baxmayaraq, biz müharibəyə son qoymaq istəyirik, onun gələcəyinin olmadığını yaxşı bilirik.

Prezident problemin sülh yolu ilə həll edilməsi istiqamətində Azərbaycanın təşəbbüslərindən danışarkən ölkəmizin mövqeyini bir daha vurğulayaraq dedi ki, respublikamızın işğal edilmiş torpaqları azad olunmalı, Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təmin edilməlidir. O, daha sonra bildirdi ki, biz bu sahədə beynəlxalq təşkilatların BMT Təhlükəsizlik Şurasının, ATƏM-in Minsk qrupunun, dünyanın nüfuzlu dövlətlərinin, habelə Türkiyə kimi böyük və bizə dost ölkənin imkanlarından hərtərəfli istifadə etməyə çalışırıq.

Heydər Əliyevin fikrincə, 1994-cü il martın 4-də Azərbaycanın NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulması da müharibəyə son qoyulması istiqamətində yaranmış imkanlardan biridir.

Heydər Əliyev bildirdi ki, Ermənistanla Azərbaycan arasında müharibə, Ermənistanın Azərbaycana təcavüz etməsi Qafqaz bölgəsində vəziyyəti daha çox gərginləşdirir və bu ağır vəziyyət qonşu dövlətlərə də təsir edir. Şübhəsiz ki, bizim yaxın qonşumuz Türkiyə buna biganə qala bilməz. Çünki bir tərəfdən onun qardaşları təhlükə içərisindədir, ikinci tərəfdən isə həm Azərbaycan, həm də Ermənistan Türkiyə ilə sərhəd qonşularıdır. Ona görə də bu məsələnin beynəlxalq təşkilatlarda ədalətli həllinə Türkiyənin sözü, mövqeyi çox kömək edəcək və biz buna həmişə böyük ümid bəsləyirik.

Prezident əmin olduğunu bildirdi ki, bugünkü danışıqlarda da həmin məsələlər və iki qardaş ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi ilə əlaqədar digər məsələlər hərtərəfli müzakirə olunacaqdır. O, axırda dedi: Mən dəvəti məhz bunun üçün qəbul edib İstanbula gəlmişəm. İnanıram ki, görüşlərimiz xalqlarımız üçün çox faydalı olacaqdır.

PREZİDENTLƏRİN TƏKBƏTƏK GÖRÜŞÜ

Heydər Əliyev və Süleyman Dəmirəl Atatürk hava limanından birbaşa Türkiyə Prezidentinin İstanbuldakı iqamətgahına gəldilər. Burada onların təkbətək görüşü başlandı. Mətbuat nümayəndələrinə verilən məlumata görə, görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran bir sıra mühüm sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi barədə məsləhətləşmələr aparıldı.

Prezidentlər Ermənistanın Azərbaycana təcavüzünün qarşısının alınması, müharibənin sülh və danışıqlar yolu ilə başa çatdırılmasında beynəlxalq təşkilatların və dünyanın nüfuzlu dövlətlərinin, o cümlədən Türkiyənin imkanlarından istifadə olunması yolları barədə də hərtərəfli fikir mübadiləsi apardılar.

İcmalçıların fikrincə, Türkiyə və Azərbaycan prezidentlərinin görüşü iki qardaş ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qaldırılmasında mühüm rol oynayacaqdır.

QARŞILIQLI ANLAŞMA ŞƏRAİTİNDƏ

İyunun 9-da Azərbaycan Prezidenti Böyük Britaniyanın xarici işlər naziri Duqlas Herdi onun xahişi ilə qəbul etdi. Onlar köhnə dostlartək səmimi və mehriban görüşdülər. Duqlas Herd İstanbulda Heydər Əliyevlə görüşməsinə imkan yarandığından razı qaldığını bildirdi.

Azərbaycan Prezidenti İstanbula qısamüddətli işgüzar səfəri və Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəl ilə görüşü barədə söhbət açdı. O dedi: Buraya gələndə Sizin mənimlə görüşmək arzusunda olduğunuzu eşitdim və dərhal razılıq verdim.

Heydər Əliyev və Duqlas Herd bu ilin fevralındakı London görüşlərini məmnunluqla xatırladılar. Azərbaycan dövlətinin başçısı dedi ki, onun Böyük Britaniyaya rəsmi səfəri zamanı Baş nazir Con Meycorla, Duqlas Herdlə və yüksək vəzifəli digər şəxslərlə apardığı danışıqlar, imzalanmış rəsmi sənədlər iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün möhkəm əsas yaratmışdır.

Duqlas Herd Azərbaycanla Böyük Britaniya arasında əməkdaşlığın daha da möhkəmləndirilməsində belə görüşlərin böyük əhəmiyyəti olduğunu vurğuladı. Heydər Əliyev Londonda görüşlər zamanı Con Meycoru və Duqlas Herdi Azərbaycana rəsmi səfərə dəvət etdiyini xatırlatdı və əmin olduğunu bildirdi ki, həmin dəvət yaxın vaxtlarda reallaşacaqdır.

Səmimilik və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə hər iki tərəfi maraqlandıran bir sıra məsələlər geniş müzakirə edildi, qarşıya çıxan problemlərin həlli yolları barədə söhbət açıldı.

Qəbulda Azərbaycan xarici işlər naziri Həsən Həsənov və dövlət müşaviri Vəfa Quluzadə iştirak etdilər.

X X X
İyunun 9-da axşam Azərbaycan dövlətinin başçısı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Doğan Gürəşi də onun xahişi ilə qəbul etdi.

MÜHARİBƏYƏ BEYNƏLXALQ TƏŞKİLATLAR

ÇƏRÇİVƏSİNDƏ SON QOYULMALIDIR

Bu fikir iyunun 10-da Azərbaycan Prezidenti Heydər Əliyev İsveçin xarici işlər naziri Marqaret af Uqlası qəbul edərkən bir daha ifadə olundu. Xanım Marqaret af Uqlas ATƏM-in keçmiş sədridir. Söhbət zamanı Ermənistanın Azərbaycana təcavüzünün qarşısının alınması, müharibənin danışıqlar yolu ilə başa çatdırılması üçün ATƏM-in irəli sürdüyü təşəbbüslər müzakirə edildi, digər konkret məsələlər barədə fikir mübadiləsi aparıldı.

İsveçin xarici işlər nazirinin fikrincə, bir sıra dövlətlərin ayrı-ayrılıqda irəli sürdükləri sülh təşəbbüsləri müəyyən dərəcədə faydalı olsa da, münaqişə yalnız ATƏM çərçivəsində həll oluna bilər.

Qəbulda bölgəyə müşahidəçilər göndərilməsi barədə də fikir mübadiləsi edildi.

SƏMİMİ SÖHBƏT

Heydər Əliyevlə Türkiyənin xarici işlər naziri Hikmət Çətin arasında səmimilik və mehribanlıq şəraitində keçən görüşdə hər iki ölkə arasında əməkdaşlığın perspektivləri müzakirə olundu, daha sıx əlaqələr qurulması imkanları nəzərdən keçirildi.

ABŞ-IN DÖVLƏT KATİBİ İLƏ GÖRÜŞ

İyunun 10-da Azərbaycan Prezidenti Heydər Əliyev Şimali Atlantika Əməkdaşlıq Şurası iclasının keçirildiyi “Çırağan” hotelində ABŞ-ın dövlət katibi Uorren Kristoferi qəbul etdi. Görüşdə ikitərəfli münasibətlərin aktual problemlərinə toxunuldu. Hər şeydən əvvəl, bölgədə, Qafqazda yaranmış mürəkkəb şəraitin bir sıra çalarları müzakirə edildi. Belə bir yekdil fikir ifadə edildi ki, bölgədəki problemlərin həllində beynəlxalq təşkilatların səylərinə daha çox diqqət yetirilməlidir.

Görüşdə Ermənistanın Azərbaycana təcavüzünün dayandırılması, Qarabağ probleminin həlli yolunda ATƏM-in Minsk qrupunun son dövrdəki fəaliyyəti təqdir edildi və göstərildi ki, bu səylərin daha da gücləndirilməsinə böyük dövlətlər, o cümlədən ABŞ bundan sonra xüsusi diqqət yetirəcəkdir.

Uorren Kristofer qeyd etdi ki, bölgədə cərəyan edən hadisələr barədə ABŞ-ın kifayət qədər məlumatı vardır və onun ölkəsi bu hadisələrdə beynəlxalq hüquq normalarından hər hansı şəkildə kənara çıxılması hallarına qarşı öz mövqeyini bildirəcəkdir. ABŞ xarici siyasət idarəsinin başçısı bildirdi ki, Birləşmiş Ştatlar sülh səylərinə lazımi köməyini göstərəcəkdir.

Görüşün sonunda belə bir fikir ifadə edildi ki, ABŞ-ın, bir sıra qərb dövlətlərinin ciddi səyləri nəticəsində problemin həllini xeyli dərəcədə yaxınlaşdırmaq mümkün olmuşdur və belə səylər bundan sonra da gücləndiriləcək, münaqişə ocağının söndürülməsinə diqqət artırılacaqdır.

Görüşdə Türkiyənin xarici işlər naziri Hikmət Çətin, Azərbaycanın xarici işlər naziri Həsən Həsənov, dövlət müşavirləri Vəfa Quluzadə və Qabil Hüseynli iştirak edirdilər.

MÜNASİBƏTLƏRİN İNKİŞAFINA QARŞILIQLI MARAQ

Yunanıstan Avropa İqtisadi Birliyinin indiki sədri kimi hazırda qitənin siyasi həyatında böyük rol oynayır. Bu baxımdan Azərbaycan Prezidenti Heydər Əliyevin Yunanıstan xarici işlər naziri Karolos Papulias ilə görüşü xüsusi əhəmiyyətə malik idi. Söhbət zamanı belə bir fikir ifadə olundu ki, Azərbaycanla Ermənistan arasındakı hərbi münaqişənin aradan qaldırılmasında Avropa İqtisadi Birliyinin də imkanlarından istifadə edilməsi vacibdir. Həmçinin bildirildi ki, bu təşkilat həmin istiqamətdə ciddi təşəbbüslər göstərmək niyyətindədir. Yunanıstanın xarici işlər naziri öz ölkəsinin adından da dedi ki, Yunanıstan Avropa İqtisadi Birliyinin sədri kimi bölgədə sülh yaradılması prosesində fəal iştirak edəcək və bu təşkilata daxil olan ölkələrin diqqətinin həmin istiqamətə yönəldilməsinə çalışacaqdır.

Daha sonra görüşdə ikitərəfli münasibətlərin bir sıra konkret məsələləri müzakirə edildi. Karolos Papulias bildirdi ki, Yunanıstan Azərbaycanla hərtərəfli münasibətlər qurmağa və əməkdaşlığı inkişaf etdirməyə böyük maraq göstərir. O qeyd etdi ki, bunun üçün Yunanıstanın Azərbaycandakı səfirinə lazımi göstərişlər verilmişdir.

Heydər Əliyev dedi ki, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin ən yaxşı yolu Yunanıstanla Azərbaycan arasında münasibətləri hüquqi və siyasi cəhətdən tənzimləyəcək kompleks xarakterli müqavilə bağlanması ola bilər və belə bir sənədin hazırlanması üçün konkret işlər görülməsi vaxtı çoxdan çatmışdır. Yunanıstan naziri fikri böyük razılıqla qarşıladı və öz ölkəsinin bu işə hərtərəfli kömək göstərəcəyinə təminat verdi.

Görüşdə Yunanıstanla Azərbaycan arasında iqtisadi, ticarət və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edildi.

Görüşün sonunda Karolos Papulias öz ölkəsinin Prezidenti adından Azərbaycan Prezidenti Heydər Əliyevi onun üçün əlverişli olan vaxtda Yunanıstana rəsmi səfərə dəvət etdi. Dəvət məmnuniyyətlə qəbul olundu.

“ŞALƏ YILDIZ”DA JURNALİSTLƏRLƏ GÖRÜŞ

Azərbaycan Prezidenti günortadan sonra “Şalə Yıldız” köşkünə gəldi. Burada Türkiyənin Baş naziri Tansu Çillərlə görüşdən əvvəl Heydər Əliyev İstanbulda keçirdiyi görüşlərin və apardığı danışıqların nəticələri barədə jurnalistlərin sualına cavabında dedi:

- Görüşlər çox əhəmiyyətli olub. Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni-yeni addımlar atılıb. Burada olduğum müddətdə mənim başqa görüşlərim də olub və bunlar da respublikamızın beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi, dünyanın bir sıra nüfuzlu ölkələrinin diqqətinin bölgədə, xüsusən Azərbaycanda olan vəziyyətə cəlb edilməsi üçün çox faydalıdır. İndi mən Türkiyənin Baş naziri Tansu Çillərlə görüşəcəyəm. Güman edirəm ki, bu görüşdə biz bir sıra mühüm məsələləri müzakirə edəcək, Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi aparacağıq.

ABŞ-ın dövlət katibi Uorren Kristoferlə görüşü haqqında suala cavabında isə Heydər Əliyev dedi ki, həmin görüş Azərbaycanla ABŞ arasında bu səviyyədə ilk görüşdür. Azərbaycan müstəqil dövlət kimi fəaliyyətə başlayandan bəri respublikamızın rəhbərliyi ilə ABŞ-ın xarici işlərlə məşğul olan departamentinin başçısı, dövlət katibi arasında heç bir görüş olmamışdır. Ona görə də bu görüş ölkələrimiz arasında əlaqələrin bundan sonrakı inkişafının müəyyən bir mərhələsidir. Dövlət başçısı qeyd etdi ki, ABŞ-la Azərbaycan arasındakı əlaqələr o qədər də hamar yolla getməyib. Dünya ölkələrində, o cümlədən Amerikada əks qüvvələrin Azərbaycan əleyhinə apardığı təbliğat və digər hallar ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsinə mənfi təsir etmişdir.

Respublikanın rəhbəri Amerika konqresinin “Azadlığı dəstəkləmə aktı”nın 907-ci maddəsini Azərbaycan barəsində tətbiq etmək haqqında qəbul etdiyi qərarı ölkəmizə qarşı böyük zərbə kimi qiymətləndirərək dedi ki, bütün bunlar iki ölkənin münasibətlərini soyuqlaşdırmışdı. Lakin biz bu gün bir çox məsələləri müzakirə etdik və mənə elə gəlir ki, həmin görüş çox əhəmiyyətli oldu.

Prezident jurnalistlərin digər suallarına da cavab verdi.

TÜRKİYƏ-AZƏRBAYCAN İQTİSADİ

ƏLAQƏLƏRİ MÖHKƏMLƏNİR

Jurnalistlərlə görüşdən dərhal sonra Azərbaycan Prezidenti Türkiyənin Baş naziri Tansu Çillər ilə görüşdü. Heydər Əliyev bölgədə baş verən son hadisələrdən geniş bəhs etdi, eyni zamanda Azərbaycan–Türkiyə münasibətlərinin bir sıra məqamları üzərində dayandı. Azərbaycan dövlətinin başçısı ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə əlaqədar təkliflər irəli sürdü. Xanım Tansu Çillər bu təkliflərin Türkiyə tərəfindən müzakirə olunub qəbul ediləcəyini bildirdi. Baş nazir qeyd etdi ki, Türkiyə Azərbaycandakı iqtisadi durumu diqqətlə izləyir və ona hərtərəfli yardım göstərmək üçün əlindən gələni əsirgəməyəcəkdir.

Görüşün sonunda Heydər Əliyev Türkiyənin Baş nazirini Azərbaycana rəsmi səfərə dəvət etdi. Xanım Tansu Çillər bu imkandan yaxın vaxtlarda hökmən istifadə edəcəyini bildirdi.

Görüşdə Türkiyə Baş nazirinin müavini Murad Qarayalçın, Azərbaycanın xarici işlər naziri Həsən Həsənov, dövlət müşavirləri Vəfa Quluzadə və Qabil Hüseynli iştirak etdilər.

ATATÜRK HAVA LİMANINDA BRİFİNQ

Heydər Əliyev Türkiyədən Vətənə qayıdarkən İstanbuldakı Atatürk hava limanında Azərbaycan, Türkiyə və xarici ölkə jurnalistləri ilə görüşdü və onların qarşısında çıxış edərək dedi:

- Türkiyə Cümhuriyyətinin Prezidenti hörmətli Süleyman Dəmirəlin dəvəti ilə mən dünən buraya qısamüddətli işgüzar səfərə gəldim. İndi də geriyə dönürəm, Azərbaycana yola düşürəm. Bu müddətdə burada Azərbaycan üçün çox əhəmiyyətli görüşlər oldu. Hörmətli dostumuz, qardaşımız Süleyman Dəmirəlin dəvəti ilə mənim buraya gəlməyimin məqsədi Türkiyə ilə Azərbaycan arasında əlaqələrin sürətlə inkişaf etməsi barədə bəzi danışıqlar aparmaq, məsləhətləşmələr etmək idi.

Dünən Türkiyə Prezidenti Süleyman Dəmirəllə çox ətraflı söhbətlərimiz oldu, ölkələrimiz üçün maraqlı olan məsələlərin hamısını müzakirə etdik. Bu gün Türkiyənin Baş naziri hörmətli Tansu Çillərlə, Baş nazirin birinci müavini hörmətli Murad Qarayalçınla görüşlərim oldu. Bu görüşlərdə də Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq əlaqələrinin inkişaf etdirilməsi və bəzi məsələlərin həllinin sürətləndirilməsi üçün danışıqlar, söhbətlər apardıq, çox məsələlərdə razılığa gəldik. Mənim səfərimin əsas məqsədi bundan ibarət idi və bu baxımdan mən səfərimdən çox razıyam.

Hörmətli Süleyman Dəmirəllə, hörmətli Tansu Çillərlə, Murad Qarayalçınla, Hikmət Çətinlə danışıqlarda Azərbaycanın indiki vəziyyəti, Ermənistanın Azərbaycana təcavüzü və bu məsələlərin həll olunması yolları müzakirə edildi. Artıq dünya ictimaiyyəti bilir ki, Azərbaycan tərəfi, şəxsən mən bir Prezident kimi bu məsələnin sülh yolu ilə həll olunmasının – müharibəyə son qoyulmasının, döyüşlərin dayandırılmasının tərəfdarıyam. Bu barədə biz bir neçə dəfə təkliflərimizi vermişik. Amma təəssüf ki, indiyədək buna nail ola bilməmişik.

Məsələnin sülh yolu ilə həll olunması üçün Azərbaycanın çox qəti şərtləri var. Bu şərtlər ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü, onun sərhədlərinin toxunulmazlığı təmin olunmalı, Azərbaycan ərazilərini işğal etmiş Ermənistan Silahlı Qüvvələri bu torpaqlardan çıxmalı və Azərbaycan vətəndaşları həmin işğal olunmuş torpaqlara, öz yerlərinə qayıtmalıdırlar. Biz bu şərtlər əsasında məsələnin sülh yolu ilə həll olunmasına tərəfdarıq və bu barədə ATƏM-in və onun Minsk qrupunun imkanlarından geniş istifadə etməyə çalışırıq. Biz dünyanın böyük dövlətlərinin (bunların böyük əksəriyyəti ATƏM təşkilatının, Birləşmiş Millətlər Təşkilatının, BMT Təhlükəsizlik Şurasının üzvüdür) imkanlarından istifadə etməyə çalışırıq. Bu barədə bizim bir çox tədbirlərimiz olub. Rusiya dövləti də bu məsələlərdə çox fəal iştirak edir, bu məsələnin həll olunmasında vasitəçilik etməyə çalışır. Son vaxtlar ATƏM təşkilatının Minsk qrupu və onun başçısı Yan Eliasson bu məsələdə Rusiya dövlətinin xüsusi bir yer tutmasına da razılıq vermişdir. Minsk qrupu Müstəqil Dövlətlər Birliyinin də bu işə qoşulmasını lüzumlu bilmişdir.

Biz öz işlərimizi bu prinsiplər əsasında aparırıq. Dünyanın bir çox ölkələrinin xarici işlər nazirlərinin İstanbulda olması ilə əlaqədar dünən və bu gün mən bir neçə Qərb ölkəsinin xarici işlər nazirləri ilə də görüşdüm. ABŞ-ın dövlət katibi cənab Uorren Kristoferlə, Böyük Britaniyanın xarici işlər naziri Duqlas Herdlə, İsveçin xarici işlər naziri xanım Marqaret af Uqlasla (bilirsiniz ki, İsveç hazırda Minsk qrupuna rəhbərlik edən bir ölkədir, həmin qrupa İsveçin nümayəndəsi başçılıq edir. Xanım af Uqlas da son vaxtlaradək ATƏM təşkilatının sədri olmuşdur. O bu problemlərlə məşğul olub, bu problemləri yaxşı bilir. Marqaret af Uqlas Bakıya da gəlmişdi, bizim onunla görüşümüz olub), Avropa İqtisadi Birliyinin sədri, Yunanıstanın xarici işlər naziri Karolos Papuliasla görüşdüm.

Bu görüşlərdə Azərbaycanın hazırkı ağır vəziyyətdən çıxması, yəni müharibəyə son qoyulması, məsələnin sülh yolu ilə həll olunması barəsində fikir mübadiləsi, müzakirələr apardıq. Mən belə hesab edirəm ki, görüşlərimiz çox faydalı, əhəmiyyətli oldu. Bu görüşlərdə Azərbaycan bir daha öz mövqeyini elan etdi, böyük dövlətlərin, Avropa dövlətlərinin bu prosesdə iştirak etməsi üçün öz arzularını bildirdi. Həmin dövlətlərin xarici işlər nazirləri də bu məsələnin yalnız ATƏM təşkilatı çərçivəsində, Minsk qrupu vasitəsilə həll edilməsinə tərəfdar olduqlarını bildirdilər və bu istiqamətdə gələcəkdə də fəaliyyət göstərəcəkləri haqqında mənə məlumat verdilər.

Ona görə də belə hesab edirəm ki, mənim Türkiyəyə səfərim Türkiyə ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi ilə birbaşa bağlı olduğu halda, bu müddətdə Azərbaycanla əlaqədar bir çox mühüm məsələləri burada müzakirə etmək üçün mənə bir fürsət yarandı.

Mənim sizə deyəcəyim bu qədər. İstanbula qısamüddətli ziyarətimdən çox məmnunam. Türkiyə Cümhuriyyətinin Prezidenti, hörmətli dostum, qardaşım Süleyman Dəmirələ bu dəvət üçün təşəkkürümü bildirirəm. Türkiyənin Baş naziri hörmətli Tansu Çillərə, Baş nazirin müavini hörmətli Murad Qarayalçına, xarici işlər naziri hörmətli Hikmət Çətinə və burada olan başqa dostlarımıza, qardaşlarımıza bizə göstərilən qonaqpərvərliyə, hörmətə, dostluq, qardaşlıq əlaqələrinə görə minnətdarlığımı bildirirəm. Türkiyənin xalqına öz hörmətimi və məhəbbətimi bir daha bildirirəm, bundan sonra da xoşbəxt, bəxtiyar yaşamağı arzu edirəm.

Azərbaycan Prezidenti jurnalistlərlə görüşdən sonra Vətənə yola düşdü.

Binə hava limanında Heydər Əliyevi respublika Ali Sovetinin sədri Rəsul Quliyev, Baş nazir Surət Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.

Aslan Aslanov

AZƏRTAC-ın xüsusi müxbiri

Bakı-İstanbul-Bakı 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar