REGİONLAR
HEYVANDARLIQ MƏHSULLARI İSTEHSALI ARTIR
Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov AZƏRTAC-a bildirmişdir ki, respublikamızda mal-qaranın sayı və heyvandarlıq məhsullarının istehsalı dinamik inkişaf edir. 2007-ci ildə heyvandarlıq məhsulları istehsalı əvvəlki ilə nisbətən 6,1 faiz artmışdır. Son 50 ildə bu, ilk belə artımdır. Hazırda ölkədə 2.501 min baş iribuynuzlu mal-qara, o cümlədən 1.212 min inək və camış vardır. Qoyun və keçilərin sayı 8 milyonu ötmüşdür.
Heyvandarlıq məhsullarına gəldikdə isə ət istehsalı 7,5 faiz, yumurta 14,5 faiz artmışdır.
Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün xüsusi layihə həyata keçirilir. Ölkədə heyvanların süni mayalama şəbəkəsi ildən–ilə genişlənir. 2007-ci ildə 120 nəfər süni mayalama texniki hazırlanmışdır. Onlar dövlət vəsaiti hesabına süni mayalama avadanlığı - yedəkli motosiklet, maye azot və yüksək məhsuldar heyvan toxumu ilə təmin olunacaqlar. 2008-ci ildə akademik Firuz Məlikov adına Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunda kənd təsərrüfatı heyvanlarının toxum bankının yaradılması və regionlarda mal-qara arasında süni mayalama aparılması şəbəkəsinin genişləndirilməsi layihəsinə əsasən 1 milyon 600 min manat vəsait ayrılmışdır. Bununla əlaqədar 140 nəfər əlavə süni mayalama üzrə kadrlar hazırlanacaqdır. Bütün bunlar heyvanların cins tərkibinin, məhsuldarlığının yaxşılaşmasına müsbət təsir göstərəcəkdir. Bundan başqa, lizinq qaydası ilə 2008-2015-ci illərdə Azərbaycana 40 min baş damazlıq heyvan alınıb gətirilməsi barədə təkliflər hazırlanır.