REGİONLAR
Hacıqabulda keçmiş məhkumdan və daha dörd nəfərdən narkotik vasitələr götürülüb
Hacıqabul, 23 iyul, Mahir Babayev, AZƏRTAC
Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan bir qrup şəxs saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Hacıqabul rayonu ərazisində polis tərəfindən saxlanılan “Mercedes” markalı 90 TM 589 dövlət nömrə nişanlı avtomobilin sərnişinləri olan Bakı sakinləri, 1992-ci il təvəllüdlü Əhmədov Şirxan Şirzad oğlunun üzərindən 129,166 qram çəkidə narkotik tərkibli psixotrop maddə olan metamfetamin və 1992-ci il təvəllüdlü Calalov Samir Etibar oğlunun üzərindən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Məlum olub ki, həmin narkotik vasitələri əvvəllər məhkum olunan Şirvan sakini, 1971-ci il təvəllüdlü Səfərov Aris Əjdər oğlu satıb.
Sonuncunun üzərinə baxış zamanı ondan 45,090 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Hər üç şəxs barəsində cinayət işi açılıb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Keçirilən digər əməliyyatda polis tərəfindən saxlanılan Hacıqabul sakini, 1994-cü il təvəllüdlü İntiqam Dünyamalıyevin üzərinə baxış keçirilən zaman ondan istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Məlum olub ki, həmin narkotik vasitəni ona Hacıqabul sakini, 1984-cü il təvəllüdlü Dadaşov Oqtay Cəlil oğlu satıb.
Sonuncunun barəsində məhkəmənin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.