İQTİSADİYYAT
“Hackathon” müsabiqəsinin qalibləri mükafatlandırılıb YENİLƏNİB
Bakı, 15 mart, Pərvanə Rəhimova, AZƏRTAC
Bakıda “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Elektron Təhlükəsizlik Xidməti, Məlumat Hesablama Mərkəzi və Yüksək Texnologiyalar Parkı tərəfindən, Dövlət Radiotezliklər İdarəsinin tərəfdaşlığı ilə təşkil olunan “Hackathon” müsabiqəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, martın 11-12-də keçirilən müsabiqənin qalibləri martın 15-də mükafatlandırma mərasimində təltif olunublar.
30 saat ərzində müsabiqədə 20-dən çox mütəxəssis, 6 komanda iştirak edib. İştirakçılar kibertəhlükəsizlik sahəsində baza biliklərinə, ən azı bir proqramlaşdırma dilində (Python, C#, Java və ya Bash Scripting və s.) eləcə də Server Əməliyyat Sistemləri (Windows Server Ailəsi və Linux Serverlər) üzrə kafi bilik və təcrübəyə, komandada işləmək və təqdimat bacarığına malik şəxslərdən seçilib. Münsiflər iştirakçıları “Unikallıq”, “İnnovativlik”, “Səmərəlilik” və “Təqdimat” kriteriləri əsasında qiymətləndirib.
Beləliklə, birinci yerə “CTR_BHOS”, ikinci yerə “Hack you”, üçüncü yerə isə “Malware” komandaları layiq görülüb. I, II və III yerin sahiblərinə müvafiq olaraq 4 min, 2 min və min manat məbləğində pul mükafatı təqdim olunub.
Bütün iştirakçılara müsabiqədə iştiraka görə sertifikatlar verilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron idarəçilik və informasiya cəmiyyətinin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov bildirib ki, nazirlik tərəfindən mütəmadi olaraq təşkil olunan “Hackathon” yarışlarının məqsədi potensiallı gənclərin bir mühitdə toplanması, informasiya texnologiyaları üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, müvafiq tapşırıqların komanda şəklində həyata keçirilməsi, maraqlı və innovativ layihələrin meydana gəlməsinə şərait yaratmaqdır.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” bu gün öz işini yekunlaşdırıb.