DÜNYA
“Harvi” qasırğası Texas üzərində fəallığını davam etdirir
Vaşinqton, 28 avqust, AZƏRTAC
“Harvi” qasırğası Hyustonda və Texas ştatının cənub-şərq sahili boyunca intensiv yağışlarla müşayiət edilir. Hava şəraitinin təhlili ilə məşğul olan “WeatherBell” şirkətinin məlumatına görə, qasırğa iki gün ərzində Texasa 41 trilyon litr yağış yağdırıb. Analitiklər bildirirlər ki, qasırğanın fəallığının sonuna doğru bu göstərici 94 trilyon litrə çatacaq. Yerli KİV-lərin yaydığı məlumata görə, 911 təcili çağırış xidmətlərinin bir sıra mərkəzləri su altında qalıb. Əhalisi daha çox zərər çəkən Hyustonun hökumət orqanları qayığı olan hər kəsə xilasetmə işlərinə kömək göstərməyi xahiş edir. Bu günədək suda 2000-dək xilasetmə əməliyyatı aparılıb, 316 min elektrik enerjisi kəsilməsi olub, 911 çağırış mərkəzinə 57 min zəng daxil olub. Adi günlərdə 911 xidmətinə təxminən 8 min zəng daxil olur. Texas ştatının 62-ci dairəsində təbii fəlakət haqqında deklarasiya buraxılıb.
Analitiklər bildirirlər ki, cümə günündən bəri Meksika körfəzində davam edən qasırğanın fəsadları meteoroloji təzahürlərlə daha da dərinləşib. Meksika körfəzindəki isti su yağışı gücləndirib, atmosferin yuxarı qatlarında isə qasırğanı uzaqlaşdıra biləcək külək yoxdur.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton