CƏMİYYƏT
Hazırda xəstəxanalarda 5 patologiya üzrə topuq testi aparmaq mümkündür
Bakı, 12 may, AZƏRTAC
Bəzi anadangəlmə xəstəliklər uşaq doğulduqdan sonra ilk günlərdə heç bir əlamətlərlə özünü büruzə vermir və yaxud da kliniki simptomları patoqnomonik olmur.
Məhz bu səbəbdən bu cür xəstəliklərin erkən aşkarlanması və vaxtında müalicə olunması həm uşaq əlilliyinin profilaktikası, həm də genetik mübadilə pozulmaları xəstəlikləri ilə bağlı uşaq ölümü göstəricisinin azaldılması məqsədilə xüsusi metod-yenidoğulmuşların skrininqi tətbiq olunub.
ÜST-nin tövsiyəsi ilə yenidoğulmuşların skrininqi uşaqlar üçün mütləq vacib olan testlər siyahısına daxil edilib.
AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, tibbi ədəbiyyatda bu test “topuq testi” kimi də adlandırılır. Qeyd etmək vacibdir ki, yenidoğulmuşların skrininqi tibbi xidmətin keyfiyyətini qaldırmaqla bərabər, dövlətin sosial-iqtisadi siyasətinin bir hissəsidir.
Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2014-cü il 550 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2022-ci illər üçün Dövlət Proqramı" çərçivəsində neonatal skrininqin icrası mümkün olub.
Belə ki, Səhiyyə Nazirliyi tərəfindən alınan avadanlıq TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən tamamlanmış xüsusi reaktivlər təchiz olunaraq skrininqin icrasına start verilib.
Azərbaycanın bütün tibb müəssisələrində həkim və tibb bacıları üçün topuq testi ilə əlaqədar treninqlər keçirilib.
Hazırda xəstəxanalarda 5 patologiya üzrə test aparmaq mümkündür.