CƏMİYYƏT


Həkim-infeksionist: Autoimmun xəstəlikləri olanlara peyvəndə qarşı əks-göstəriş sertifikatı müddətsiz təyin edilir

Bakı, 8 sentyabr, AZƏRTAC

Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə istifadə edilən peyvəndlərə qarşı əks-göstəriş sertifikatı müddətli və müddətsiz olaraq təyin edilir. Müddətsiz əks-göstəriş sertifikatı, əsasən, autoimmun xəstəliklərdən əziyyət çəkənlərə verilir. Müəyyən müddət sonra xəstəliyinin sağalma ehtimalı olanlara isə müddətli əks-göstəriş sertifikatı təqdim edilir. Xəstə müalicə olunub sağaldıqdan sonra koronavirus əleyhinə vaksinasiya oluna bilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müəllimi, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə deyib.

V.Cavadzadə əks-göstəriş sertifikatının verilmə prosesi barədə danışıb: “Ümumiyyətlə poliklinikalarda həmin ərazidə yaşayan vətəndaşların hər birinin anamnezisi olur. Sahə həkimləri müraciətçinin xəstəlik tarixçəsinə əsasən, onun hansı xroniki xəstəliklərdən əziyyət çəkdiyini şifahi olaraq bilirlər. Misal üçün, həmin vətəndaşlar hansısa xəstəxanada əməliyyat olunduqda epikriz xəstənin poliklinikadakı tibbi tarixçəsinə əlavə edilir. Əks-göstəriş sertifikatı almaq üçün poliklinikaya müraciət edən vətəndaşın həmin anamnezisinə baxılır və sənədləri toplanılaraq Səhiyyə Nazirliyinin xüsusi komissiyasına göndərilir. Müvafiq mütəxəssislər işi araşdırır və uyğundursa, əks-göstəriş sertifikatı vətəndaşa təqdim edilir”.

Həkim-infeksionist bildirib ki, vaksinasiya COVID-19 pandemiyasından qurtulmağın əsas yoludur: “Təəssüflər olsun ki, vətəndaşlar bəzi hallarda sırf məhdudiyyətlərə görə COVID-19 pasportu almaq üçün vaksin vurdururlar. Həmçinin peyvənd vurdurmaqdan yayınmaq üçün əks-göstəriş sertifikatı almaq istəyənlər də az deyil. Nəzərə almaq lazımdır ki, belə hallar çoxaldıqca ölkədə epidemioloji vəziyyət ağır olaraq qala bilər. Bu sertifikat koronavirus əleyhinə istifadə edilən peyvəndlərə qarşı, doğrudan da, əks-göstərişi olan xəstələrə verilir. Proses nazirlik səviyyəsində tənzimlənir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.