REGİONLAR
Həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnlərinin bəstəkarı
Naxçıvan, 18 sentyabr, AZƏRTAC
Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas-alim Üzeyir Hacıbəyli 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu barədə Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin Milli Musiqi Gününə həsr olunmuş tədbirində söz açılıb.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından ətraflı bəhs edib.
Bildirilib ki, dahi bəstəkar sentyabrın 18-də dünyaya göz açıb. Üzeyir bəy elmi musiqişünaslığın, musiqi təhsilinin əsasını qoyub və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına çalışıb. Onun yaratdığı musiqi inciləri dünya şöhrəti qazanıb, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub.
“Ümummilli lider Heydər Əliyevin 1995-ci ildə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur”, - deyən rektor müəllim və tələbələri yeni dərs ilinin başlanğıcı və Milli Musiqi Günü münasibətilə təbrik edib.
Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müəllimi Rumiyyə Məmmədova “Üzeyir Hacıbəyli və milli musiqi dəyərləri” adlı çıxışında qeyd edib ki, Şərqdə ilk operetta janrının yaranması Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın üç pərdədən ibarət “Ər və arvad” musiqili komediyası Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir.
Bildirilib ki, Üzeyir Hacıbəyli təkcə musiqi bəstələməyib, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayıb. 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir.
Tədbirin bədii hissəsində universitetin İncəsənət fakültəsi tələbə və müəllimlərinin ifasında dahi bəstəkarın bəstələdiyi mahnılar səsləndirilib.