CƏMİYYƏT
Hemofiliyalı xəstələrin müalicə səviyyəsi ildən-ilə yaxşılaşır
Bakı, 17 aprel, AZƏRTAC
2009-cu ildə ölkəmizdə 360 xəstə stasionar müalicə alırdısa, 2017-ci ildə onların sayı 271 nəfər olub. Ötən il hemofiliyadan ümumilikdə 2759 nəfər müalicə olunub. 2012-ci ildə 31, 2013-cü ildə 36, 2014-cü ildə 37, 2015-ci ildə 28, 2016-cı ildə 27, 2017-ci ildə 30 xəstə üzərində böyük cərrahiyyə əməliyyatı aparılıb.
AZƏRTAC xəbər verir ki, bu statistikanı Ümumdünya Hemofiliya Gününə həsr olunmuş tədbirdə Səhiyyə Nazirliyinin Elmi-Praktiki Hemofiliya Mərkəzinin rəhbəri, dosent Elmira Qədimova çatdırıb.
O, 2005-ci ildə qəbul olunmuş “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Qanun qəbul olunandan bəri bu sahədə olan vəziyyət barədə hesabat verərək Qafqazda ilk hemofiliya mərkəzinin 1973-cü ildə paytaxtdakı M. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yaradıldığını söyləyib. Ötən müddət ərzində hemofiliyalı xəstələrin müalicəsi sahəsində çox böyük irəliləyişlərin olduğunu qeyd edən mərkəzin rəhbəri bu sahədə Qanunun qəbul edilməsindən sonrakı vəziyyəti əks etdirən statistika və rəqəmlər də misal gətirib. O, hər bir xəstə üçün “hemofiliya kartı” açıldığını və qoyulan diaqnozun, aparılan müalicələrin həmin kartda əks olunduğunu bildirib, həkim-xəstə münasibətinin, eləcə də dərmanlarla təchizatın yaxşılaşdırılması və müalicələrin səmərəsinin artırılması üçün təkliflərini səsləndirib.
Hemofiliyalı Xəstələr Assosiasiyasının sədri Gülnarə Hüseynova bu il Ümumdünya Hemofiliya Gününün “Biliklərimizi paylaşaraq daha güclü oluruq” şüarı altında keçirildiyini söyləyib. O, həyata keçiriləcək layihələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib: ”Həmin layihələrdən biri Naxçıvan Muxtar Respublikasında Hemofiliya Mərkəzinin işinin təkmilləşməsinə yönəlib. Layihə 2017-ci ilin noyabrından başlanılıb və gələn ilin dekabrınadək davam edəcək. İkinci layihə Quba və Lənkəranda hemofiliya məktəblərinin yaradılmasına yönəlib və bu ilin mayından noyabra qədər olan dövrü əhatə edir. Bu ilin iyulundan dekabra qədər davam edəcək digər bir layihə çərçivəsində Bakıda Smart İKT hemofiliya mərkəzinin yaradılması nəzərdə tutulub”.
Assosiasiya rəhbəri bu il 44 ölkənin iştirakı ilə Brüsseldə keçiriləcək Avropa Hemofiliya Konsorsiumunun 31-ci konfransı haqqında da məlumat verib. Onun dediyinə görə, həmin tədbirdə hematoloq, həkim, tibb işçisi və xəstədən ibarət 15 nəfərlik nümayəndə heyətinin ölkəmizi təmsil edəcəyi gözlənilir.